İDMAN
İspaniya millisi çimərlik futbolu üzrə “Avropa Kuboku – Bakı-2014” turnirinin qalibi olub
AZƏRTAC xəbər verir ki, beşinci yer uğrunda oyunda Azərbaycan və Macarıstan milliləri qarşılaşıblar. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatdığı üçün 3 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. Hesab dəyişmədiyi üçün qalib penalti seriyasında müəyyənləşib. Hər komanda üçün 3 zərbədən ibarət seriyada macarıstanlı futbolçular daha sərrast olublar. Millimizin rəqibi penaltilərdə 2:1, ümumi nəticədə isə 5:4 hesabı ilə qalib gələrək turniri 5-ci yerdə başa vurub.
Üçüncü yer uğrunda Yunanıstan və Rusiya milliləri yarışıblar. Rəqibini 7:4 hesabı ilə məğlub edən rusiyalı futbolçular turniri ilk üçlüyün sonuncu pilləsində yekunlaşdırıblar.
Final oyunda İspaniya və İsveçrə milliləri qarşılaşıblar. Gərgin idman mübarizəsi şəraitində keçən görüş İspaniya millisinin 8:6 hesablı qələbəsi ilə başa çatıb.
Final oyunu başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Azərbaycan Çimərlik Futbolu Federasiyasının (AÇFF) baş katibi Fərid Axundov turnirin ən yaxşı qapıçısı üçün təsis olunmuş mükafatı Macarıstan yığmasının qolkiperi David Fiskora təqdim edib.
Turnirin ən məhsuldar oyunçusu, İsveçrə komandasının üzvü Noel Ott mükafatını AÇFF-nin prezidenti Fərid Novruzidən alıb.
İspaniya millisinin futbolçusu Juanma turnirin ən yaxşı oyunçusu adına layiq görülüb. Ona mükafatı FIFA Çimərlik Komitəsinin üzvü, Beynəlxalq Çimərlik Futbolu Təşkilatının vitse-prezidenti Joan Custo verib.
Çimərlik Futbolu üzrə “Avropa Kuboku – Bakı-2014” turnirinin qalibi olan İspaniya milli komandasına kubok AFFA-nın baş katibi Elxan Məmmədov tərəfindən təqdim olunub.