DÜNYA
İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasına daxil olub
Madrid, 22 oktyabr, AZƏRTAC
Pireney yarımadasında yerləşən bu krallıq “pul dağarcıqları”nın sayının artım dinamikasına görə dünyada səkkizinci yeri tutub. AZƏRTAC xəbər verir ki, KİV-lər bu barədə məlumatı İsveçrənin “Credit Suisse” bankına istinadla yayıblar.
AZƏRTAC xəbər verir ki, krallıqda 851 min milyonçu yaşayır. Onların 60 min nəfəri bu elit “maliyyə klubu”na cari ildə daxil olmuş yeni milyonçulardır.
“Credit Suisse” analitiklərinin apardığı tədqiqat göstərir ki, ayrı-ayrı şəxslərin əlində toplanmış sərvətin məcmusu 2017-ci il iyulun 1-dən 2018-ci il iyunun 30-dək olan dövr ərzində 14 trilyon dollar, yəni 4,86 faiz artıb. Ümumi rifahın artım sürəti dünya əhalisinin artım sürətini qabaqlayır.
“Credit Suisse”nin proqnozlarına görə, İspaniya milyonçularının sayı çox sürətlə artan ilk on ölkə sırasındakı yerini yaxın on ildə qoruyub saxlayacaq. İspaniya milyonçularının sayı artaraq 2023-cü il üçün 1 milyon 200 min nəfərə çatacaq. Hətta Amerika Birləşmiş Ştatlarında da milyonçular təbəqəsi ləng – 5 il ərzində cəmi 18 faiz artacaq. Yeri gəlmişkən, Böyük Britaniya (30 faiz), İtaliya (33 faiz) və Fransa (40 faiz) kimi dövlətlər də İspaniyadan geri qalacaqlar.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid