SİYASƏT
İspaniya qəzeti Ümummilli Liderin xatirəsinə həsr olunmuş anım tədbirindən yazıb
Madrid, 12 dekabr, AZƏRTAC
İspaniyada çıxan nüfuzlu və qocaman «LA VANGUARDIA» qəzetində “Barselonada Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş tədbir keçirilib” sərlövhəli məqalə dərc olunub.
Məqalədə deyilir ki, Azərbaycanın İspaniya Krallığındakı səfirliyi İspaniya Konqresi deputatlarının, İspaniyada akkreditə olunmuş bir sıra diplomatik nümayəndəliklərin başçılarının, KİV-lərin və Azərbaycan diasporu nümayəndələrinin iştirakı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirib. Azərbaycan səfiri Anar Məhərrəmov çıxışında diqqətə çatdırıb ki, Azərbaycanın 35 illik tarixi dövrü Heydər Əliyevin siyasi fəaliyyəti ilə bağlıdır. 1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpasından sonrakı dövrdən, ölkənin düşdüyü ağır vəziyyətdən, Ermənistanın ölkəmizə təcavüzü və törətdiyi etnik təmizləmələr nəticəsində Azərbaycan ərazilərinin 20 faizinin işğalından, bir milyondan çox azərbaycanlının öz doğma yurd-yuvalarından qovularaq qaçqına və məcburi köçkünə çevrilməsindən danışan diplomat bildirib ki, 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili və xarici siyasətdə sabitlik bərpa olundu, atəşkəs əldə edildi, ölkə öz tarixinin yeni mərhələsinə qədəm qoydu. Hazırda Ulu Öndərin kursunu onun varisi, Azərbaycan Prezidenti İlham Əliyev uğurla davam etdirir.
Məqalədə Türkiyənin Barselonadakı baş konsulu Güçlü Kalafatın çıxışı da təqdim edilib. Türkiyəli diplomat iki ölkə arasındakı münasibətlərin səviyyəsini yüksək qiymətləndirib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid