DÜNYA
İspaniya yeni tədris ilinin başlanmasına koronavirusa yoluxmanın ikinci dalğasının ən böyük artımı ilə yaxınlaşır
Madrid, 8 sentyabr, AZƏRTAC
Tədris ilinin başlanğıcı İspaniyanı koronavirusa yoluxmanın ikinci dalğası üzrə göstəricilərin ən pis vaxtına düşüb.
AZƏRTAC İspaniyanın Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, müxtəlif ölkələrdəki vəziyyəti müqayisə etmək üçün daha çox işlədilən statistik göstərici - son 14 gün ərzində əhalinin 100 min nəfərinə düşən yoluxmaların sayı 230-a bərabər olub.
Avropa Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, İspaniya Qərbi Avropada bu göstərici üzrə xeyli irəlidədir və praktik olaraq Fransanı iki dəfə üstələyir.
Səhiyyə Nazirliyinin Fövqəladə Vəziyyətlərin Koordinasiya Mərkəzinin direktoru Fernando Simon tədris ilinin əvvəlində İspaniyada mövcud olan 28 min tədris mərkəzindən bəziləri koronavirusun baş qaldırması səbəbindən yaxın gələcəkdə bağlanmalı olacağını istisna etmir.
Fernando Simon izah edib ki, İspaniya, ilk növbədə, hansı qrupların vaksinləşdirilməsini müəyyən etməkdən ötrü Avropa İttifaqına üzv digər ölkələrin sisteminə çox bənzəyən sistemə riayət edəcək. Buraya əhalinin həssas təbəqələri, əvvəldən patoloji problemləri olan yaşlı insanlar və tibb işçiləri daxildir.
Koronavirusa qarşı vaksinlərin dekabrda əlçatan olacağı proqnozlaşdırılır.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid