MƏDƏNİYYƏT


İspaniyada Qəbələnin Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasına üzv seçilməsi müzakirə olunub

Bakı, 5 oktyabr, AZƏRTAC

İspaniya Krallığının Orense şəhərində keçirilən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyasının (EHTTA) Baş Assambleyasında ölkəmizi Mədəniyyət Nazirliyinin əməkdaşı Günel Aslanova təmsil edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “Tarixi və Termal ərazilərdən davamlı istifadənin mümkünlüyü” şüarı altında keçirilən Baş Assambleyada bir neçə panel bu istiqamətdə müzakirələrə həsr olunub.

Paneldə Azərbaycanın maddi-mədəni irs və termal imkanları geniş olan Qəbələ şəhərinin 2019-cu ildə bu beynəlxalq təşkilata üzv seçilməsi ilə bağlı layihənin əlaqələndiricisi Günel Aslanova tərəfindən təqdimat keçirilib. Qeyd etmək lazımdır ki, EHTTA-nın üzv ölkələrinin və elmi komitənin nümayəndələrinin iştirak etdiyi təqdimat mərasimində həm Qəbələ rayonunun termal infrastruktur imkanları, həm də “Qəbələ Dövlət Tarixi Bədii Qoruğu” haqqında geniş məlumat verilib və iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

Təqdimatdan sonra çıxış edən EHTTA-nın prezidenti Cüzeppe Bellandi bu ilin mayında Azərbaycana səfərini xatırladaraq, ölkəmizin inkişafı haqqında geniş məlumat verib və Qəbələnin təqdimatının bəyənildiyini qeyd edib.

Tədbirdə üzvlük məsələsi elmi komitənin də üzvləri arasında müzakirə olunub və Mədəniyyət Nazirliyi tərəfindən irəli sürülən rəsmi sənədlər yüksək qiymətləndirilib. 2019-cu ilin yanvar ayında Fransanın paytaxtı Parisdə keçiriləcək Baş Assambleyada Qəbələnin də EHTTA-ya üzvlüyə qəbul edilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Avropa Şurasının mədəni marşrutlar layihəsi çərçivəsində fəaliyyət göstərən Avropa Tarixi Termal Şəhərlər Assosiasiyası (EHTTA) Avropada mədəni irsin qorunması sahəsində mühüm işlər həyata keçirir və 2016-cı ildən etibarən Qalaaltı təşkilatın bərabərhüquqlu üzvüdür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.