DÜNYA
İspaniyada doğuşların sayı son 80 ilin ən aşağı səviyyəsinə enib
Bakı, 17 fevral, AZƏRTAC
İspaniyada doğuşların sayı üç ildir ard-arda azalaraq, son 80 ilin ən aşağı səviyyəsinə enib.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumat İspaniya Milli Statistika İnstitutunun (INE) açıqlamasında yer alıb.
Məlumata görə, 2021-ci ildə ölkədə 338 min 532 uşaq dünyaya gəlib. Bu, statistikanın aparılmağa başladığı 1941-ci ildən bəri ən aşağı rəqəmdir. INE doğuş sayının bir il əvvəlkinə nisbətə 0,6 faiz, 2019-cu illə müqayisədə isə 5,6 faiz azaldığını açıqlayıb. Bildirilir ki, ölkədə vətəndaş müharibəsindən (1936-1939) bu yana ən böyük demoqrafik böhran 2020-ci ildə yaşanıb. Buna COVID-19 pandemiyasının yaratdığı qeyri-müəyyənlik də öz təsirini göstərib.
Alimlər Avropada və dünyada doğuşların sayının ən aşağı olduğu ölkələr sırasında yer alan İspaniyada bu tendensiyanın 2030-cu ilədək davam edəcəyini proqnozlaşdırırlar.
2020-ci ilin məlumatlarına əsasən, qadınların ildən-ilə daha gec yaşda uşaq sahibi olduqları İspaniyada hər qadına orta hesabla 1,9 uşaq düşüb, ilk dəfə ana olma yaşı isə 31,2-yə yüksəlib.