CƏMİYYƏT


İspaniyada iqlim dəyişmələrinə görə dağ quşlarının populyasiyası azalır

Madrid, 22 fevral, AZƏRTAC

Pireney yarımadasında dəniz səviyyəsindən 1700 metrdən çox yüksəklikdə məskunlaşan dağ quşlarının azalması müşahidə olunur. Tədqiqat göstərib ki, 2014-cü ildə bu ərazidə quşların sayı 2002-ci ildəkindən 21 faiz az olub. Bunun əsas səbəbi iqlim dəyişmələri ilə bağlıdır.

AZƏRTAC xəbər verir ki, dağ göycəqarğası, alabəzək daşlıq qaratoyuğu və dağ tənəkquşunun sayı daha çox azalıb. Bu statistika ekspertləri çox narahat edir. Onların fikrincə, quşların sayı iqlim dəyişmələrinə və insanın təbiətə müdaxiləsinə görə azalır.

Qida resursları olan həşəratların dağlıq rayonlarda çatışmazlığı da quşların sayının azalmasına təsir göstərir.

“SEO/BirdLife” İspaniya Ornitoloqlar Cəmiyyətinin direktoru Asunsyon Ruis hesab edir ki, alimlərə könüllülərin köməyi lazımdır. Onlar quşların həyat tərzində baş verən dəyişiklikləri izləyə və qeydə ala bilərlər. Onun sözlərinə görə, şəhərlərdə sərçələrin, kəndlərdə qaranquşların sayının 15 faiz azalması müşahidə olunur. Alimlər açıq təbii zonaların sahəsinin kiçilməsi ilə əlaqədar yuvaqurma yerlərinin itirilməsini quşların sayının azalmasının əsas səbəbi sayırlar.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.