MƏDƏNİYYƏT


İspaniyada karantin nəticəsində turizm və aviasiya sahələrində 1,6 milyon iş yeri itirilə bilər

Madrid, 29 iyul, AZƏRTAC

Böyük Britaniyan və Norveç hökumətləri İspaniyadan bu ölkələrə gələn səyahətçilər üçün karantin tətbiq edilməsini qərara alandan sonra İspaniya iqtisadiyyatının hərəkətverici qüvvəsi olan turizm sektorunun perspektivləri pisləşməkdədir. Beləliklə, turizm sənayesində 750 min və aviasiya sektorunda 900 minə yaxın işçi öz iş yerlərini itirmək təhlükəsi ilə üzləşir.

AZƏRTAC xəbər verir ki, bu hesablamalar Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və İspaniya Turizm Assosiasiyası (Exceltur) tərəfindən aparılıb. Fransa və Almaniya kimi Avropa ölkələrinin öz vətəndaşlarına İspaniyaya getməməyi məsləhət görməsi və karantin nəticəsində vəziyyət daha da gərginləşə bilər. Ümumdünya Turizm və Səyahətlər Şurasının (WTTC) hesablamalarına görə, İspaniyada itirilmiş iş yerlərinin sayı 2,3 milyona çatacaq.

İspaniyanın turizm sektorunda əmindirlər ki, bəzi “hay-küyçülər” ölkənin reputasiyasına ziyan vururlar. İspaniya Sahibkar Təşkilatları Konfederasiyası (CEOE) bu böhranın yumşaldılması üzrə təxirəsalınmaz tədbirlər görülməsi üçün ölkə hökumətini dərhal “idarələrarası işçi qrup” yaratmağa çağırır.

İspaniyada ümumi daxili məhsulun 13 faizi turizm sənayesi hesabına yaranır, məşğulluğun da təxminən 13 faizi bu sahənin payına düşür. İspaniyanın turizm sektorunun əsas bazarı Birləşmiş Krallıqdır (İspaniyaya gələn turistlərin orta hesabla hər dörd nəfərindən biri ingilisdir). Buna görə də mövsümün qızğın vaxtında karantin tətbiq edilməsi barədə qərar turizm sektoruna ciddi zərbə vurur. Dünən TUI UK və Jet2 turoperatorları bildiriblər ki, onlar Kanar və Balear adalarına reysləri ləğv edirlər. Arxipelaqda istirahət edən turistlərin 50 faizi britaniyalıdır.

IATA-nın hesablamalarına görə, İspaniyanın aviasiya sektorunda 900 min iş yerinin itirilməsi təhlükəsi yaranıb. 114 milyona yaxın sərnişinin (bu, 2019-cu il ərzində qeydiyyata alınmış sərnişinlərin ümumi sayının təqribən yarısına bərabərdir) itirilməsi nəticəsində bu sektorun gəlirləri təxminən 15 milyard avro qədər azalacaq.

IATA-nın proqnozlarına görə, bu vəziyyət ÜDM-in 55 milyard avro və ya ümumi ÜDM-in 4,41 faizi qədər azalmasına ekvivalentdir.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.