DÜNYA
İspaniyada koronaviruslu ağır xəstələrin sayı ikiqat artıb
Madrid, 12 sentyabr, AZƏRTAC
Artıq üç həftədir ki, İspaniya Səhiyyə Nazirliyi xəstəxanaların intensiv terapiya şöbələrinin hədsiz yüklənməsi barədə hesabatlar dərc edir.
AZƏRTAC “20minutos” nəşrinə istinadla xəbər verir ki, bu müddətin birinci günündə COVID-19 diaqnozu qoyulmuş ağır xəstələrin sayı 500 nəfər olduğu halda 21 gündən sonra (ötən cümə günü) müvafiq göstərici iki dəfədən çox artaraq 1200-ə çatıb. Xəstəxanalara yerləşdirilmiş koronaviruslu pasiyentlərin ümumi sayında da oxşar dinamik müşahidə olunur. Üç həftə ərzində belə xəstələrin sayı 4636-dan 8658-ə çatıb.
İspaniya Tibb Assosiasiyasının (SEMİ) baş katibi Karlos Lubrerasın sözlərinə görə, iyulun axırlarından bəri xəstəxanalara yerləşdirilənlərin sayı artmaqdadır.
İspaniya xəstəxanaların intensiv terapiya şöbələrinə yerləşdirilmiş COVID-19 pasiyentlərinin sayına görə bütün Avropa üzrə mütləq liderdir: bu ölkədə hər 100 min sakinə düşən pasiyentlərin sayı 2,42-yə bərabərdir. Sonrakı yerləri Rumıniya (hər 100 min sakinə 2,36 pasiyent) və Fransa (hər 100 min sakinə 0,85 pasiyent) tutur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid