DÜNYA
İspaniyada meymunçiçəyinə yoluxma nəticəsində ilk ölüm halı qeydə alınıb
Madrid, 30 iyul, AZƏRTAC
İspaniya Səhiyyə Nazirliyi ölkədə meymunçiçəyinə yoluxma nəticəsində ilk ölüm faktını təsdiq edib.
AZƏRTAC xəbər verir ki, nazirliyin məlumatına görə, Valensiya muxtar ərazisində meymunçiçəyinə yoluxmuş orta yaşlı bir kişi vəfat edib.
Milli Epidemioloji Nəzarət Şəbəkəsinin (RENAVE) məlumatına görə, İspaniyada 4298 yoluxma qeydə alınıb, 120 nəfər xəstəxanaya yerləşdirilib. Meymunçiçəyi diaqnozu qoyulmuş şəxslərin yaşı 10 aydan 88 yaşa qədər, onların orta yaşı 37-dir.
ÜST-nin məlumatına görə, meymunçiçəyindən ilk ölüm faktı Braziliyada qeydə alınıb. Afrikada 5 nəfər bu virusdan dünyasını dəyişib.
İyulun 29-u üçün olan məlumata görə, Avropa İttifaqı məkanında 10.059 təsdiqlənmiş yoluxma faktı qeydə alınıb. Yoluxma hallarının sayına görə, İspaniyadan sonrakı yerləri Almaniya (2540), Böyük Britaniya (2367), Fransa (1837), Niderland (878) və Portuqaliya tutur (633).
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid