CƏMİYYƏT


İspaniyada şiddətli fırtına və leysan yağışları insan tələfatına səbəb olub

Madrid, 13 sentyabr, AZƏRTAC 

İspaniyada siklon nəticəsində əmələ gələn şiddətli fırtına və leysan yağışları ən azı 2 nəfərin həlak olmasına səbəb olub.

AZƏRTAC Mülki qvardiyanın məlumatına istinadla xəbər verir ki, Albasete əyalətində leysan yağışları nəticəsində su basmış ərazidə iki təqaüdçünün cəsədləri tapılıb. Sentyabrın 12 –də təbii fəlakət nəticəsində 93 yaşayış məntəqəsində məktəblərdə dərslər dayandırılıb. Fırtına və leysan yağışlarından ən çox Valensiya, Alikante, Mursiya və Kastiliya-La-Mança əyalətləri zərər görüb. “Renfe” şirkəti infrastruktur məntəqələrində daşqınlar səbəbindən əyalətlər arasında dəmiryolu səfərlərini təxirə salıb. Ümumilikdə, ölkənin iyirmiyə yaxın regional yolları bağlanılıb, bələdiyyələrin əksəriyyətində küçələr və yollarda hərəkət dayandırılıb. Sequra çayının daşması nəticəsində Mursiyanın bələdiyyələrində 156 nəfər təxliyə edilib.

İspaniyanın Müdafiə nazirinin səlahiyyətlərini icra edən Marqarita Robles bildirib ki, şiddətli fırtına və yağışların nəticələrini aradan qaldırmaq üçün Fövqəladə Hərbi Bölmə Oriyelu şəhərinə öz canlı qüvvə və texnikasını göndərib.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.