CƏMİYYƏT


İspaniyada tibb işçilərinin çatışmaması pandemiyanın ikinci dalğasına qarşı mübarizəni çətinləşdirir

Madrid, 22 sentyabr, AZƏRTAC

İspaniyada təbabət və tibb bacılarının işi sahəsində, xüsusən ilk tibbi-sanitar yardım sferasında mütəxəssislərin say göstəricisi Avropa İttifaqı üzrə orta göstəricidən aşağıdır.

AZƏRTAC xəbər verir ki, COVID-19-un ikinci dalğası yaxınlaşdıqca İspaniya Milli Səhiyyə Sistemində həkimlərin və tibb bacılarının azlığı bir daha aşkar görünür.

Madrid muxtar icmasının sədri İsabel Dias Ayusonun sözlərinə görə, Avropa İttifaqı üzrə orta hesabla hər 100.000 sakinə 123,4 həkim düşdüyü halda İspaniyada bu göstərici 76,5 bərabərdir. Tibb bacılarının say nisbəti isə hər 100.000 nəfərə 840 əvəzinə 520-yə bərabərdir. İspaniya səhiyyə sistemində koronavirus pandemiyasından irəli gələn kollaps da insan resurslarının çatışmaması ilə izah edilir.

İsabel Ayuso İspaniyanın Baş Naziri Pedro Sançesə müraciət edərək həkimlərin və tibb bacılarının işə cəlb edilməsinə stimul yaratmağı və ya tibb işçilərinin pensiyaya çıxmasını dayandırmağı xahiş edib. Tibbi yardıma tələbin artdığı şəraitdə dövlət xəstəxanalarında və klinikalarda öz vəzifələrini yerinə yetirə biləcək yeni kadrlar çatışmır.

Koronavirusun birinci dalğası dövründə İspaniya hökuməti pandemiyanın öhdəsindən gəlməkdə həkimlərə kömək etmək üçün pensiyaçıları, gənc internləri və ordinatorları dəvət etmişdi. Birinci dalğada bu plan 50.000-dən çox peşəkarın işə cəlb edilməsi üçün nəzərdə tutulmuşdu, lakin son nəticədə ölkənin səhiyyə sisteminə yalnız bir neçə min nəfəri inteqrasiya etmək mümkün oldu.

Oktyabr ayında ölkədə pandemiyanın ikinci dalğası gözlənilir. Bununla əlaqədar, xəstəxanaların intensiv terapiya bölmələrində kömək edə biləcək tibb işçilərinin öyrədilməsi üçün üçaylıq təlim kursları təşkil ediləcək.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.