DÜNYA
İspaniyadakı Sibeles sarayının 100 illiyi qeyd olunur
Madrid, 14 mart, AZƏRTAC
Bu gün İspaniyada 1919-cu il martın 14-də açılışı olmuş Sibeles sarayının 100 illiyi qeyd olunur.
AZƏRTAC ispan KİV-nə istinadla xəbər verir ki, mükəmməlliyi etibarilə təkrarolunmaz üslubda inşa olunmuş – arxitektura dairəsi təşkil edən meydanın dörd guşəsini əhatə edən binada Buenavist və Linares sarayları və İspaniya Bankı yerləşir. Sibeles sarayı 100 il əvvəl tarixi keçmişini cəmiyyətin mənafeyinə qurban verməyə hazır olan yeni İspaniyanın təşəkkülünün rəmzi oldu. Saray ölkənin əsas poçtamtı üçün tikilib.
1904-cü ildə sarayın inşası üçün elan edilmiş müsabiqədə qalib gələn gənc memarlar Antonio Palasyos və Xoakin Otamendi amerikan meqalomaniyasının, fransız dəbdəbəsinin və orta əsrlər mədəniyyətinin elementlərini ehtiva edən eklektik üslub seçiblər. Sarayın tikintisi memarların həyatında ən əlamətdar hadisə olub. Hərçənd o vaxt sarayı tənqid edənlər onu tərifləyənlərdən daha çox idi.
1993-cü ildə Sibeles sarayı tarixi abidə kimi tanınıb. Onun fasadında Anxel Qarsiyanın əsəri olan qiymətli heykəllər qoyulub. Yarpaq motivləri ilə bəzədilmiş və 1920-ci illərin Madrid sakinlərinin “sarışın qız” adlandırdıqları qadın fiquru onların arasında daha çox seçilir. Sarayın qüllələrində dünyanı fəth edən səyyahlar Magellan və Ernan Kortesin büstləri, Misir, Roma və astek tanrılarının obrazları var. Sibeles sarayı əvvəllər olduğu kimi, indi də mədəni sinkretizmin rəmzi olaraq qalır və onun estetik görkəmi dövrümüzdə də funksional olmasına və bütün epoxalara uyğunlaşmasına mane olmur.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid