İDMAN
İspaniyalı gimnast: Bu turnirdə rəqabət çox güclüdür
Bakı, 24 iyun, AZƏRTAC
Yarışlar haqqında təəssüratım çox yüksəkdir. İdmansevərlər hər bir gimnastı mübarizəyə səsləyir. Bir sözlə yarışların keçirilməsi üçün çox gözəl şərait yaradılıb. Yarışlarda güclü rəqabət var.
Azərbaycanda ilk dəfədir oluram və burada hər şey xoşuma gəlir. Komandamız üçün Bakı şəhərinə ekskursiya təşkil olunub. Köhnə şəhəri – İçərişəhəri çox bəyəndim. Şəhərin görməli yerlərini gəzdik, xeyli maraqlı məlumatlar aldıq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Bakıda yeniyetmələrin Olimpiya Oyunlarına İdman Gimnastikası üzrə təsnifat yarışlarının iştirakçısı, ispaniyalı gimnast Alba Petisco deyib.
O, Bakıda Milli Gimnastika Arenasının möhtəşəm olduğunu söyləyib.
İdman gimnastikası üzrə təsnifat yarışlarındakı çıxışından sonra təəssüratlarını bölüşən ispaniyalı gimnast deyib ki, burada çıxış etmək çox xoşuna gəlib: “Sizin gözəl arenanız və keyfiyyətli idman alətləriniz var".
Gimnast öz çıxışları barəsində yüksək fikirdədir və Olimpiya oyunlarına vəsiqə qazanacağına ümid edir: "Ümumilikdə çıxışlar uğurlu alındı. Qeyr-bərabər barlarda bəzi səhvlər oldu, ancaq bu nəticəyə təsir etmədi. Ümid edirəm ki, mən Buenos-Ayresdəki Olimpiadaya düşə biləcəyəm".
Qeyd edək ki, bu gün Bakıda Milli Gimnastika Arenasında Yeniyetmələrin Olimpiya Oyunlarına idman gimnastikası üzrə təsnifat turniri çərçivəsində ikinci günün yarışları keçirilir.
Bu il oktyabrın 6-18-də Argentinanın paytaxtı Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Yay Olimpiya Oyunlarına vəsiqə qazanan kişi və qadın idman gimnastları məhz Bakıda müəyyənləşəcək.
İlin ən mötəbər turnirinə lisenziya qazanmaq üçün 32 ölkədən 52 kişi və 44 qadın idman gimnastın çıxışı gözlənilir. Kişi gimnastları 16-17 yaş, qadın gimnastları isə 15 yaş kateqoriyasında mübarizə aparır.