REGİONLAR
İspaniyalı qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar
Qəbələ, 14 aprel, Mustafa Dadaşov, AZƏRTAC
İspaniyadan gələn qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda və Qəbələ Arxeoloji Mərkəzdə olublar.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qoruğun direktoru Zahir Kərimov məlumat verib.
Qoruqla tanışlıq zamanı qonaqların diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeçiliyində fəaliyyət göstərən Qəbələ Dövlət Tarix-Bədii Qoruğu rayon mərkəzindən 18 kilometr cənub-qərbdə, indiki Çuxur Qəbələ və Tövlə kəndləri ərazisində yerləşir. Bu ərazi ölkəmizə səfər edən xarici və yerli turistlərin üz tutduğu tarixi məkanlardan biridir. Tarixi sirlərlə zəngin olan Qoruq və ərazidəki Qəbələ Arxeoloji Mərkəzi tarix, mədəniyyət, memarlıq, etnoqrafik, arxeoloji abidələrin, tarixi hadisə və şəxsiyyətlərlə bağlı olan xatirə yerlərinin və onların əşyalarının yerləşdiyi məkanı əhatə edir.
Bildirilib ki, Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhər mərkəzinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması baxımından, həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət daşıyır. Ümumilikdə 420 hektar ərazini əhatə edən qoruq 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir. Bundan əlavə, qoruğa Şəhidlər, Kamaltəpə, Xurşidtəpə və digər arxeoloji ərazilər də daxildir.
İspaniyalı qonaqlar Qoruğun ərazisində aparılmış arxeoloji qazıntı sahələri ilə yaxından tanış olublar. Qonaqlara Qəbələ Arxeoloji Ekspedisiyasının burada apardığı arxeoloji qazıntılar, aşkar olunan təsərrüfat quyuları, bina qalıqları, ocaq yerləri, su xətləri, katakomba tipli qəbirlər və digər tapıntılar barədə ətraflı məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.
Qonaqlar, həmçinin Qəbələ Arxeoloji Mərkəzdə sərgilənən tarixi eksponatlarla da tanış olublar.
İspaniyalı qonaqlar Qəbələ Dövlət Tarix-Bədii Qoruğundan xoş təəssüratlarla ayrılıblar.