DÜNYA
İspaniyanın Baş naziri hökumətdə dəyişikliklər edib
Madrid, 10 iyul, AZƏRTAC
İspaniya Sosialist İşçi partiyasının (PSOE) lideri olan İspaniya Baş naziri Pedro Sançes şənbə günü hökumətdə kadr dəyişiklikləri barədə bəyan edib.
AZƏRTAC xəbər verir ki, koalisiya hökuməti qurulandan bəri konkret hallar üzrə fikir ayrılıqları nəzərə alınmasa, ciddi bir böhran olmamasına baxmayaraq, bu iki ildən az bir müddətdə İspaniya Nazirlər Kabinetində aparılan üçüncü islahatdır.
Baş nazirin sözlərinə görə, kadr dəyişiklikləri qanunverici hakimiyyətə yeni siyasi impuls verilməsi, iqtisadi bərpanın gücləndirilməsi və pandemiyadan sonrakı dövrdə iş yerlərinin yaradılması məqsədilə həyata keçirilir. Yerdəyişmələr nəsillərin dəyişməsini, qadınların idarəçilikdə iştirakının artırılmasını nəzərdə tutur.
Kadr dəyişiklikləri çərçivəsində Baş nazirin birinci müavini, məhkəmə işləri və tarixi yaddaş naziri Karmen Kalvo Nazirlər Kabinetini tərk edib. Onu Nadya Kalvinyo əvəz edib. Baş nazirin müavinlərinin sayı dörddən üçə endirilib. İspaniyanın Fransadakı səfiri Xose Manuel Albares Aranç Qonsales Layyunun yerinə Xarici işlər naziri vəzifəsinə təyin edilib. Hökumətdə bir neçə nazir də əvəz edilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid