DÜNYA
İspaniyanın “El Periodico” qəzeti Ermənistandakı kütləvi etiraz aksiyalarından yazır
Madrid, 17 aprel, AZƏRTAC
İspaniyanın “El Periodico” qəzetində Ermənistanda baş verən kütləvi etiraz aksiyaları barədə məqalə dərc edilib.
Məqalədə bildirilir ki, minlərlə erməni Yerevan küçələrində toplaşaraq etiraz edir. Etiraza səbəb prezident Serj Sarkisyanın ölkənin baş naziri postuna namizədliyinin irəli sürülməsidir.
Qəzet yazır ki, prezidentlik müddəti başa çatan Serj Sarkisyan hakimiyyəti əlində saxlamaq üçün baş nazir vəzifəsinə iddia edir. Ermənistan xalqı isə buna etiraz edir. Mitinqlər səbəbindən paytaxt yollarında güclü tıxaclar, metronun işində gecikmələr yaranıb.
Məqalədə etiraz aksiyasının iştirakçılarından fikirlərə də yer verilir: “Ermənistanda qanunsuzluq baş alıb gedir və biz bunun davam etməsinə göz yuma bilmərik. Ölkəni korrupsiyanın içində boğan bir şəxsin yenidən hakimiyyətə gəlməsinə icazə verməyəcəyik”.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid