SİYASƏT
İspaniyanın “La Razon” qəzeti: Ermənistan sarsıntı içindədir
Madrid, 12 noyabr, AZƏRTAC
İspaniyanın geniş oxucu kütləsinə malik “La Razon” qəzetində Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış bəyanatın müddəalarının Ermənistanda etirazlarla qarşılanması geniş şəkildə işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, məqalədə sözügedən bəyanatın Azərbaycanda böyük sevinclə qarşılandığı, bunun əksinə olaraq, Ermənistanın uzun müddət işğal altında saxladığı Azərbaycan torpaqlarını itirməsi səbəbindən ölkədə sakinlərin etiraz aksiyasına başladığı qeyd olunur.
Yazıda 40 gündən artıq davam etmiş döyüşlərin Azərbaycanın tam qələbəsi ilə yekunlaşdığı diqqətə çatdırılaraq Ermənistanın ikitərəfli, habelə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində hərbi yardım almaq üçün dəfələrdə Rusiyaya müraciət etdiyi, lakin Rusiyanın döyüşlərin Azərbaycan ərazilərində aparılması səbəbindən Ermənistana hər hansı hərbi yardımın göstərilməsindən imtina etdiyi qeyd olunur.
Məqalədə Ermənistanın baş naziri Nikol Paşinyanın sözləri də yer alıb: “Bəyanatın mətni şəxsən mənim üçün və xalqımız üçün çox ağrılıdır. Bu qərar hərbi vəziyyətin dərindən təhlili və sahənin ən yaxşı mütəxəssisləri ilə aparılan müzakirələr əsasında qəbul edilib”.
Ermənistanda kütləvi iğtişaşlara qatılan etirazçılar baş nazir Nikol Paşinyanı, habelə Ermənistan parlamentinin sədri Ararat Mirzoyanı Ermənistana xəyanətdə ittiham edərək onların istefasını tələb edirlər.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid