İQTİSADİYYAT
İspaniyanın Navarra vilayəti ilə Azərbaycan arasında iqtisadi sahədə münasibətlər müzakirə olunub
Pamplona, 18 fevral, AZƏRTAC
Fevralın 18-də Azərbaycan Respublikasının İspaniyadakı səfiri Altay Əfəndiyev Navarra vilayətinə səfər edib. Səfərin ilk günündə səfir Navarra vilayətinin Ticarət və Sənaye Palatasının sədri Xavyer Taberna Ximenez ilə görüşüb.
Görüşdə Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi uğurlardan bəhs edilib. Bildirilib ki, regionun aparıcı ölkəsi olan Azərbaycan iri investisiya layihələri həyata keçirir. Xüsusən, son illərdə qeyri-neft sektorunun inkişafına, o cümlədən kənd təsərrüfatı sahəsinə böyük önəm verilir.
X.Ximenez Navarra Ticarət və Sənaye Palatasına daxil olan şirkətlər barədə ətraflı məlumat verib. O bildirib ki, bu şirkətlər əsasən iki istiqamətdə - kənd təsərrüfatı infrastrukturunun qurulması və alternativ enerji mənbələrinin yaradılması və istehsalı sahələrində uğurla fəaliyyət göstərir. Palata sədri bu sahələrdə Almaniya, Belçika, Fransa kimi ölkələrlə fəal biznes əlaqələrinin olduğunu qeyd edib və tərəfdaşlar sırasında Azərbaycanı da görmək istədiklərini söyləyib.
Görüşdə qərara gəlinib ki, səfir Altay Əfəndiyevin bu sahədə fəaliyyət göstərən şirkətlərin rəhbərləri ilə görüşü təşkil olunsun və onlara Azərbaycan iqtisadiyyatı barədə məlumatlar verilsin. Həmçinin Azərbaycanda İxracın və İnvestisiyanın Təşviqi Fondu (AZPROMO) ilə əlaqələr qurulsun və hər iki qurumun təşkilatçılığı ilə bines-forum keçirilsin.
Aygün Əliyeva,
AZƏRTAC-ın xüsusi müxbiri
Pamplona