SİYASƏT


İspaniyanın hakim “PSOE” partiyasının nümayəndəsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi barədə məlumatlandırılıb

Madrid, 2 dekabr, AZƏRTAC

Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bu ölkənin hakim İspaniya Sosialist və İşçi Partiyasının parlamentdəki nümayəndəsi, Deputatlar Konqresinin Xarici işlər komitəsinin sədri Pau Mari Kloseni Azərbaycan ərazilərinin işğaldan azad edilməsi barədə ətraflı məlumatlandırıb.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlayaraq özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirləri həyata keçirmiş şanlı Azərbaycan Ordusunun 44 günlük döyüşlərdə parlaq qələbə qazanaraq, işğal altındakı torpaqlarımızı azad etdiyi qeyd olunub.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını özündə şərtləndirən, Azərbaycan və Rusiyanın prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanmış birgə bəyanata uyğun olaraq, Ermənistan qoşunları noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarından çıxarılıb, beləliklə, Azərbaycan bütün ərazisində suverenliyini bərpa edib.

Qeyd olunub ki, Azərbaycan ərazilərini tərk edən Ermənistan qoşunları və əhalisi bu zaman vandalizm aktları həyata keçirib. Yaşayış məskənlərinin, habelə ağ fosfordan istifadə edilməklə meşələrin yandırılması, flora və faunanın məhv edilməsi ilə Ermənistanın növbəti dəfə Azərbaycana qarşı ekoloji cinayətlər törətməsi, qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş nadir nümunələrin Ermənistana daşınması, işğal olunmuş ərazilərdə Azərbaycanın maddi-mədəni irsinin talan edilməsi barədə faktlar qarşı tərəfin diqqətinə çatdırılıb.

Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində Ermənistan tərəfindən sosial-iqtisadi infrastruktura, tarixi-mədəniyyət və dini abidələrinə, ətraf mühitə, fərdi və çoxmənzilli yaşayış evlərinə vurulmuş külli miqdarda maddi zərər beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək və Ermənistanın məsuliyyətə cəlb olunaraq Azərbaycan tərəfinə təzminatın ödənilməsinin təmin edilməsi məqsədilə beynəlxalq tribunala müraciət ediləcək.

Diqqətə çatdırılıb ki, 28 ildir Ermənistanın işğalı altında olan Azərbaycan torpaqlarının azad edilməsi ilə regionda sülh və sabitlik bərqərar olub, düşmən tərəfindən vandalizmə məruz qalmış ərazilərimiz yeni quruculuq və inkişaf dövrünə qədəm qoyub.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.