SİYASƏT
İspaniyanın xarici işlər üzrə dövlət katibi ermənilərin vandalizm aktları barədə məlumatlandırılıb
Madrid, 23 noyabr, AZƏRTAC
Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bu ölkənin xarici işlər, İbero-Amerika və Karib ölkələri üzrə dövlət katibi - nazir müavini Kristina Qayaç Fiqerasla görüşü zamanı həmsöhbətinə ermənilərin Qarabağda törədikləri vandalizm aktları barədə geniş məlumat verib.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən etibarən özünümüdafiə hüququ çərçivəsində, beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirmiş müzəffər Azərbaycan Ordusunun 44 gün davam edən döyüşlərdə şanlı Qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad etdiyi bildirilib.
Qeyd olunub ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını özündə əks etdirən, Azərbaycan və Rusiyanın Prezidentləri, Ermənistanın baş naziri tərəfindən imzalanan birgə bəyanata uyğun olaraq ölkəmizin ərazilərini tərk edən Ermənistan qoşunları və əhalisi vandalizm aktları həyata keçiriblər.
Yaşayış məntəqələrinin, habelə ağ fosforlu bombalardan istifadə edilməklə meşələrin yandırıldığı, fauna və floranın məhv edilməsi ilə Ermənistanın növbəti dəfə Azərbaycana qarşı ekoloji cinayətlər törətdiyi, qanunsuz arxeoloji qazıntılar apararaq aşkar olunmuş nadir nümunələrin Ermənistana daşındığı, Azərbaycanın işğal altındakı ərazilərində maddi-mədəni irsinin talan edilməsi barədə faktlar qarşı tərəfin diqqətinə çatdırılıb.
Xüsusi olaraq vurğulanıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistan tərəfindən sosial-iqtisadi infrastruktura, tarixi-mədəniyyət və dini abidələrinə, ətraf mühitə, fərdi və çoxmənzilli yaşayış evlərinə vurulmuş külli miqdarda maddi zərər beynəlxalq ekspertlər tərəfindən qiymətləndiriləcək, Ermənistanın Azərbaycan tərəfinə təzminatın ödənilməsinin təmin edilməsi məqsədilə beynəlxalq məhkəməyə müraciət olunacaq.
Nigar Cəfərli
AZƏRTACın xüsusi müxbiri
Madrid