DÜNYA


İspanlar bir qutu siqaretin qiymətini 10 avroya qədər bahalaşdırmaq istəyirlər

Madrid, 10 noyabr, AZƏRTAC

İspaniyanın siqaretçəkmə əleyhinə mübarizə aparan ictimai qurumları Avropa İttifaqının üzvü olan bütün ölkələrdə siqaretin qiymətlərini artırmaq xahişi ilə Avropa Parlamentinin deputatlarına müraciət ediblər.

AZƏRTAC xəbər verir ki, bu petisiya təmin olunsa, 2020-ci ildə bir qutu siqaretin qiyməti indikindən təqribən 2 dəfə çox – 10 avro təşkil edəcək.

Beləliklə, bir standart siqaret qutusunun qiymətinin nadir istisnalarla 5 avro civarında olduğu İspaniya Fransadan nümunə götürməyə hazırlaşır. Fransada “siqaret çəkmək zövqü” artıq 8 avroya başa gəlir, 2020-ci ildə isə 10 avroya başa gələcək. Fransada siqaretin qiymətləri artandan sonra bir milyondan çox siqaretçəkənin bu zərərli vərdişdən yaxa qurtarması bu tədbirin nə dərəcədə təsirli olduğunu göstərir. İrlandiya və Böyük Britaniya da analoji tədbirlər görməyi planlaşdırırlar. Avstraliya isə bu ölkələrin hamısını geridə qoyub. Burada bir qutu siqaretin qiyməti təqribən 20 avrodur.

Çoxsaylı elmi tədqiqatlar göstərir ki, siqaretin qiymətinin cəmi 10 faiz artırılması siqaretçəkənlərin sayını 3,7 faiz azaldır. Özü də belə tədbirlər cibində yetərincə pulu olmayan gənclərə daha çox təsir göstərir. Hər il İspaniyada siqaretçəkmə ilə bağlı xəstəliklərdən təqribən 50 min adam ölür. Odur ki, siqaret alma imkanlarını hətta orta təbəqə nümayəndələri üçün məhdudlaşdıran bu sərt tədbir son nəticədə çox adamın həyatını xilas edə bilər.

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.