SİYASƏT
“Israel HaYom” qəzeti: Ermənistan tərəfindən Gəncənin bombardman edilməsi nəticəsində 13 nəfər həlak olub
Bakı, 18 oktyabr, AZƏRTAC
Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə ermənilərin raket hücumu nəticəsində Azərbaycanın 13 dinc sakini, o cümlədən 3 uşaq ölüb.
AZƏRTAC xəbər verir ki, israilli məşhur jurnalist Neta Barın nüfuzlu ivritdilli “Israel HaYom” qəzetində dərc edilmiş “Azərbaycan: Ermənistan tərəfindən bombardlanma nəticəsində 13 nəfər həlak olub” sərlövhəli məqaləsi bu barədədir.
Müəllifin sözlərinə görə, Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev baş verənləri şərh edərək bildirib ki, Ermənistan terror siyasətini dövlət səviyyəsində davam etdirir.
Jurnalist qeyd edir ki, raket atəşi nəticəsində yaralananların sayı 50 nəfərdən çoxdur, şəhərin xəstəxanaları əhaliyə müraciət edərək, onları xəsarət alanlar üçün qan verməyə çağırıb.
“Skad” raketinin düşdüyü ərazidə yaşayış evlərinə ciddi ziyan dəyib. Bu, şəhərə ikinci raket hücumudur. Ötən həftə raket Gəncədə yaşayış binasına düşmüşdü, nəticədə 10 nəfər həlak olmuşdu”, - deyə o əlavə edib.
Israel HaYom” qəzeti yazır: “Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib: “Bir həftə bundan əvvəl və ondan əvvəlki günlərdə də Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə xaincəsinə hücum ediblər. Onlar bu məqsədlə raketlərdən, ilk növbədə, “Skad” raketindən istifadə edirlər. Bu dəfə də böyük dağıdıcı gücə malik olan “Skad” raketindən istifadə olundu. Mənfur düşmən dinc azərbaycanlı sakinlər arasında qırğın törətmək istəyir, o cümlədən Gəncə sakinləri arasında təşviş yaratmağa çalışır. Amma onlar məqsədlərinə heç vaxt nail ola bilməyəcəklər. Bu gün Azərbaycan xalqı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan torpaqlarını işğaldan azad etmək əzmindədir”.
Nəşrdə qeyd edilir ki, Avropa İttifaqı Azərbaycanın Gəncə şəhərinə oktyabrın 16-dan 17-nə keçən gecə dinc sakinlər arasında ölümə və ağır yaralanmaya səbəb olan raket zərbələri ilə bağlı təəssüfləndiyini bildirib.
“Azərbaycan Ordusu cəbhədə uğurlu hücumları davam etdirir və ölkə ərazilərini işğaldan azad edir. Azərbaycan Prezidenti Administrasiyasının bəyanatına görə Azərbaycan Ordusu 1990-cı illərin əvvəlində işğal edilmiş Füzuli şəhərinə daxil olub”, - deyə Neta Bar qeyd edir.