MƏDƏNİYYƏT
İsrafil İsrafilov: Ümummilli lider Heydər Əliyev həmişə böyük dramaturq Cəfər Cabbarlı yaradıcılığına ehtiram göstərib
Ankara, 13 fevral, AZƏRTAC
Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) “Türk dünyasının görkəmli şəxslərinin tanıdılması” layihəsi tarixi missiya həyata keçirir. Bu layihə sayəsində türk dünyasının tarixi şəxsiyyətlərinin və yaradıcılıq mədəniyyətinin böyük bir coğrafiyada tanıdılmasına şərait yaradılır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində professor İsrafil İsrafilov görkəmli dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə Ankarada keçirilən konfransın əhəmiyyətini şərh edərkən deyib.
İ.İsrafilov bildirib ki, Cəfər Cabbarlının zəngin və rəngarəng yaradıcılığı Azərbaycan ədəbiyyatında maraqlı bir irsdir. Böyük dramaturqun əsərləri, yaratdığı obrazlar gənc nəslin tərbiyəsinə və formalaşmasına böyük təsir göstərir.
İsrafil İsrafilov deyib: “Ümummilli lider Heydər Əliyev həmişə böyük dramaturq Cəfər Cabbarlı yaradıcılığına ehtiram göstərib. Ulu Öndər Cəfər Cabbarlı yaradıcılığına hər zaman ehtiramla yanaşıb və ən gözəl ifadələrlə onun şəxsiyyətini tərənnüm edib. Məhz buna görə də, böyük dramaturqun adının əbədiləşdirilməsi, əsərlərinin geniş şəkildə nəşr olunması üçün əsaslı qərarlar qəbul edib. Bütün bunlar Azərbaycan ədəbiyyatına və mədəniyyətinə göstərilən diqqət və qayğının təzahürüdür.”
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara