SİYASƏT
İsrail Prezidentinin Azərbaycana səfəri ikitərəfli əlaqələrin dərinləşdirilməsinə təkan verəcək

Bakı, 3 iyun, AZƏRTAC
Azərbaycan və İsrail arasında əsası tarixi köklərə söykənən dostluq əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə qalxıb. İsrail dövləti Vətən müharibəsi və postmüharibə dövründə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Dost ölkə olaraq bütün beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafiə edib.
Ölkələrimiz arasında iqtisadi əlaqələr də yüksək səviyyədədir. Ticarət dövriyyəmiz 1,7 milyard ABŞ dollarından çoxdur. İsrailin neftə olan tələbatının 30-40 faizini Azərbaycan ödəyir. Cari ildə İsraildə Azərbaycan səfirliyinin açılması əlaqələrimizi daha yüksək səviyyəyə çatdıracaq.
Mayın 30-da İsrail Prezidenti İsxak Hersoqun Azərbaycana səfəri ikitərəfli əlaqələrin dərinləşdirilməsinə böyük təkan verəcək. Ölkələrimiz arasında irriqasiya və kənd təsərrüfatı sahələri üzrə birgə layihələr reallaşdırılacaq. Bu sahələrdə Azərbaycan İsrailin qazandığı müsbət nəticələrdən istifadə edəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva söyləyib.
Müasir dünyamızda kibertəhlükəsizliyin dövlətlərin milli təhlükəsizlik konsepsiyasına çevrildiyini bildirən deputat ölkələrimizin bu sahədə də əməkdaşlığa böyük önəm verdiyini qeyd edib.
“Azərbaycan və İsrail arasında müdafiə sənayesi sahəsində də əməkdaşlıq inkişaf etdirilir. İsrail dünyada ən müasir silahlara malik ölkələrdən biridir. Bu sahədə əməkdaşlıq Azərbaycanın öz müdafiə və təhlükəsizlik qabiliyyətini müasirləşdirməyə kömək edəcək. İsrail Prezidentinin Azərbaycana səfəri çərçivəsində digər sahələrdə də əməkdaşlıq haqqında sənədlər imzalandı. Prezident İlham Əliyev Azərbaycanla İsrail arasında mövcud əlaqələr və gələcəkdə reallaşdırılacaq birgə layihələr barədə mətbuata bəyanatla çıxış etdi. Dövlətimizin başçısı ölkələrimiz arasında mövcud dostluq əlaqələri ilə yanaşı, xalqlarımız arasında da tarixi dostluq əlaqələrinin mövcud olduğunu vurğuladı”, - deyə K.Əliyeva bildirib.
O qeyd edib ki, yəhudi icması əsrlərdir Azərbaycanda yaşayır, ölkəmizin inkişafı və tərəqqisi üçün bütün sahələrdə uğurla fəaliyyət göstərir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda yəhudi millətinin nümayəndələri də vuruşub və qəhrəmanlıqlar göstəriblər. İsraildə yaşayan azərbaycanlılar da iki ölkə arasında dostluq əlaqələrinin inkişaf etdirilməsində mühüm rol oynayırlar.
İsrail səhiyyəsinin dünyada ən inkişaf etmiş sahələrdən biri olduğunu qeyd edən Kamilə Əliyeva deyib: “Azərbaycanın Səhiyyə Nazirliyi ilə İsrail Dövlətinin Səhiyyə Nazirliyi arasında əməkdaşlıq haqqında imzalanmış sənəd ölkəmizdə səhiyyə və tibb elminin inkişafına böyük töhfə verəcək”.