DÜNYA


İsrail bu gündən üç həftəlik sərt karantin və ümummilli təcrid rejiminə keçir

Bakı, 18 sentyabr, AZƏRTAC

İsraildə bu gündən etibarən koronavirus pandemiyası səbəbindən üç həftəlik sərt karantin və izolyasiya rejimi başlayır.

AZƏRTAC “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, İsrail hökuməti və parlamenti COVID-19 xəstəliyinin yayılmasının qarşısının alınması üçün üç həftəlik ümummilli izolyasiya rejiminin tətbiqini dəstəkləyib. Sərtləşdirilmiş karantin rejimi sentyabrın 18-i yerli vaxtla saat 14:00-da başlayır və onun oktyabrın 9-na qədər davam etməsi gözlənilir.

Yəhudilərin bu il sentyabrın 18-20-də keçiriləcək yeni il bayramı – “Roş-Ha-Şana” da izolyasiya dövrünə düşür. İsrailin Baş naziri Binyamin Netanyahu xalqa televiziya müraciətində yeni məhdudlaşdırıcı tədbirlərin ölkədə yoluxma hallarının, həmçinin ağır xəstələrinin sayının artması ilə bağlı olduğunu bildirib.

İsrail hakimiyyətinin qərarına əsasən, əhaliyə evlərindən 500 metr məsafədən çox uzaqlaşmaq qadağan edilib. Həmçinin ölkə ərazisində restoranlar, otellər, idman zalları və hovuzlar bağlanacaq. Buna baxmayaraq, “Ben-Qurion” aeroportu fəaliyyətini davam etdirəcək.

Ölkədə karantin rejimini təmin etmək üçün 7 min polis və min hərbçinin cəlb olunduğu bildirilir.

Bu, artıq İsraildə ikinci izolyasiya rejimidir. Ötən dəfə ümummilli karantin koronavirus pandemiyasının ilk dalğası zamanı tətbiq edilmişdi.

Qeyd edək ki, martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib. Pandemiyanın statistikasını aparan Worldometer saytının son məlumatına əsasən, sentyabrın 17-də İsraildə 4791 yeni yoluxma halı qeydə alınıb və koronavirusa yoluxanların ümumi sayı 175 min 256 nəfərə çatıb. Həmçinin ötən sutka ərzində COVID-19 xəstəliyindən 8 nəfər həyatını itirib. Hazırda ölkədə koronavirus infeksiyası səbəbindən ölənlərin ümumi sayı 1169 nəfərdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.