CƏMİYYƏT
İsrail portalında “YAŞAT” xeyriyyə marafonu ilə bağlı məqalə dərc olunub
Bakı, 20 may, AZƏRTAC
İsrailin https://www.peacecom.org xəbər portalında “Azərbaycan Diasporuna Dəstək Fondunun təşkil etdiyi “YAŞAT” marafonu ilə həmrəylik nişanəsi kimi” sərlövhəli məqalə yayımlanıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, siyasi şərhçi Reyçel Avraamın qələmə aldığı məqalədə “YAŞAT” Fondunun Vətən müharibəsində həlak olmuş şəhidlərin ailələrinə, eləcə də yaralanmış əsgərlərə dəstək istiqamətindəki fəaliyyətindən, dünya azərbaycanlılarının bu Fondun, həmçinin Azərbaycan Diasporuna Dəstək Fondunun fəaliyyətinə dəstək verməsindən danışılıb.
Yazıda yaxın günlərdə Azərbaycan Diasporuna Dəstək Fondu və “YAŞAT” Fondunun birgə təşəbbüsü ilə Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən xeyriyyə marafonunun təşkil ediləcəyinə diqqət cəlb olunub.
Məqalədə Holokost tarixi üzrə tanınmış tədqiqatçı Elie Uezelin və İsrail Parlamentinin sabiq üzvü, ölkənin kommunikasiya, peyk və kiber naziri olmuş Ayub Karanın fikirlərinə də yer verilib.