SİYASƏT


İsrail saytı: “Azərbaycan yəhudiləri İsrail yəhudilərindən onlar üçün dua etmələrini xahiş ediblər”

Bakı, 20 oktyabr, AZƏRTAC

Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini Şneor Seqal Gəncə şəhərinə səfər edib. Gəncənin yəhudi icmasında baş ravvinə bildiriblər ki, Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncə Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur. Döyüş zonasından uzaqda yerləşməsinə baxmayaraq Gəncə dəfələrlə raket zərbələrinə məruz qalıb. Özü də bu atəşlərin qurbanları dinc sakinlər olur.

AZƏRTAC xəbər verir ki, İsrailin 9TV portalında dərc edilmiş məqalə bu mövzuya həsr olunub (bax: https://www.9tv.co.il/item/19398).

Məqalədə qeyd edilir ki, raket zərbələri zamanı həlak olanlar arasında Gəncənin yəhudi dini icmasının üzvləri də var. Gəncə yəhudiləri İsrail yəhudilərinə müraciət edərək onlar üçün, yəhudi icmasının və bütün dinc sakinlərin təhlükəsizliyi üçün dua etmələrini xahiş ediblər.

Gəncə yəhudi icmasının 800-ə yaxın üzvü var. Baş ravvin Şneor Seqal şəhərin yəhudi icmasının üzvləri ilə görüşüb, ona həlak olmuş və yaralanmış sakinlər barədə məlumat verilib, Gəncənin atəşə tutulması nəticəsində yaranmış çoxsaylı dağıntıları göstəriblər. Gəncənin bütöv məhəllələri – yaşayış evləri, məktəblər, inzibati binalar dağılıb. Baş ravvin Gəncəyə bu şəhərin yəhudi icmasını dəstəkləmək və ruhlandırmaq üçün gəlib.

Azərbaycan aşkenazi yəhudilərinin baş ravvini deyib: “Raket zərbələri nəticəsində bütöv məhəllələrin dağılmasını görmək insanı dəhşətə gətirir. Şəhər sakinlərinin qorxuya düşməsi, aralarında uşaqların da çox olduğu ölənlər və yaralananlar barədə eşidəndə insanın qəlbi qana dönür. Mənə söylədilər ki, bəzən uşaqlar gecə vaxtı qışqıraraq yuxudan oyanırlar. Dinc əhaliyə məqsədyönlü şəkildə, vəhşicəsinə hücum edilməsini heç cür başa düşmək olmur”.

Seqal həlak olanların ruhunun şad olması və yaralananların tezliklə sağalması üçün dua edəcəyini bildirib. Xatırladaq ki, oktyabrın 4-də, Gəncənin birinci dəfə atəşə tutulması nəticəsində 35 nəfər, o cümlədən uşaqlar yaralanıb, şəhərin yəhudi icmasının fəallarından biri həlak olub. O vaxt şəhərin yəhudi icması bəyanatla çıxış edərək bildirmişdi ki, Gəncənin yəhudi icması Ermənistan tərəfindən Azərbaycana qarşı törədilən hərbi təcavüz və təxribat aktlarını qətiyyətlə pisləyir. Gəncənin yəhudi icmasının bəyanatında göstərilirdi ki, dinc sakinlərin atəşə tutulması beynəlxalq hüququn bütün normalarına ziddir və müharibə cinayətinə bərabərdir. O vaxtdan bəri erməni silahlı qüvvələri Gəncənin yaşayış evlərinə və məktəb binalarına yenidən raket zərbələri endirib.

Oktyabrın 17-də Gəncənin sonuncu dəfə raket atəşinə tutulması zamanı 13 sakin qətlə yetirilib, 50-dən çox adam yaralanıb, onlarca bina dağıdılıb. Gəncə yəhudiləri dünya birliyinin bu məsələyə müdaxilə etməsini və heç bir hərbi hədəfin olmadığı şəhərin yaşayış məhəllələrinin atəşə tutulmasına son qoymağı tələb edirlər.

Gəncə yəhudi icmasının fəalları İsrail yəhudilərinə müraciət ediblər. Müraciətdə deyilir: “Biz dua edəndə üzümüzü Yerusəlim tərəfə çeviririk, ayaqlarımız isə Azərbaycan torpağında olur. Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək uğrunda ədalətli mübarizəsində ona qələbə arzu edir və Gəncədə, Azərbaycanda və İsraildə xalqımızın təhlükəsizliyi üçün dua edirik. Sizdən xahiş edirik, bu ağır günlərdə siz də bizim üçün dua edin”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.