SİYASƏT
İsraildə Zəfər Gününə həsr edilmiş tədbir keçiriləcək
Bakı, 5 noyabr, AZƏRTAC
Milli Məclisin deputatı Anatoliy Rafailov noyabrın 7-də İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Zəfər Gününə həsr edilmiş tədbirə qatılacaq. Tədbir “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının (Azİz) təşkilatçılığı ilə keçiriləcək.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan tarixinin ən möhtəşəm hadisələrindən biri olan Zəfər Gününün ildönümü qeyd ediləcək, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi ilə torpaqlarımızı işğaldan azad edərkən şəhid olmuş şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunacaq.
Səfər çərçivəsində Anatoliy Rafailov Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 illiyinə və Azərbaycan-İsrail diplomatik əlaqələrinin qurulmasının 30 illiyinə həsr edilmiş tədbirlərdə də iştirak edəcək.
Tədbirlərdə İsrail parlamentinin üzvləri, dövlət qurumlarının və ictimaiyyətin nümayəndələri də iştirak edəcəklər.
Səfər noyabrın 11-də başa çatacaq.