DÜNYA
İsraildə növbədənkənar parlament seçkiləri keçirilir VİDEO
Bakı, 17 mart, AZƏRTAC
Knessetə (parlament) növbədənkənar seçkilərin keçirildiyi İsraildə yerli vaxtla 07:00-da təxminən 3,2 min seçki məntəqəsi açılıb. Seçkilərdə iştirak etmək üçün 26 blok və partiya qeydiyyatdan keçsə də, sosioloqların proqnozuna əsasən elektoral səddi yalnız onlardan 11-i aşa biləcək.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, qələbəyə əsas namizəd hazırkı Baş nazir Binyamin Netanyahunun “Likud” partiyası və İshaq Hersoqun başçılıq etdiyi sol mərkəzçi “Sionist düşərgəsi” bloku sayılır.
Sosioloji sorğulara görə, üçüncü yeri 13 mandata ümid edən ərəb partiyaları ittifaqı tuta bilər. Belə olacağı təqdirdə, bu, İsrail siyasətində nümunə olacaq.
Dördüncü yerdə keçmiş maliyyə naziri Yair Lapidin 12 yerə ümid bəsləyən mərkəzçi “Eş atid” partiyası gedir. Xarici işlər naziri Aviqdor Libermanın rusdilli israillilərin “İsrail - bizim evimiz” partiyası isə sorğuya əsasən parlamentdə beş yer götürə bilər.
“Sionist düşərgəsi” İranın nüvə silahı əldə etməsinin əleyhinə, “iki xalq üçün iki dövlət” prinsipi ilə 1967-ci il sərhədlərinə qayıtmadan Fələstin-İsrail münaqişəsinin nizamlanmasının lehinə çıxış edir.
Yaxın Şərq problemlərinin nizamlanmasına dair əsas məsələlərdə sərt mövqe tutan “Likud” partiyası isə diqqətini əsasən milli təhlükəsizlik problemlərinə yönəldib. Belə ki, seçki ərəfəsində Binyamin Netanyahu yerli jurnalistlərlə söhbətində Fələstin dövlətinin yaradılmasının və Qüdsün bölünməsinin əleyhinə çıxıb.
Çox güman ki, heç bir partiya parlamentdə 120 yerdən 61-ni götürə bilməyəcək və gələcək Baş nazir knessetə daxil olan partiya liderlərinin danışıqlarının nəticəsinə görə məlum olacaq.
Qeyd edək ki, Binyamin Netanyahunun Yair Lapidi və ədliyyə naziri Tsipi Livnini sabotajda günahlandıraraq hökumətdən çıxarmasından bir həftə sonra, 2014-cü il dekabrın 8-də knesset özünü buraxmaq barədə qanun qəbul etmişdi.