ELM VƏ TƏHSİL
İsraildə tələbələrin əksəriyyəti süni intellekt proqramlarından istifadə edir
Bakı, 3 mart, AZƏRTAC
İsrailli tələbələrin əksəriyyəti müntəzəm olaraq süni intellekt (AI) proqramlarından istifadə edir. AZƏRTAC “The Jeruslaem Post” qəzetinə istinadla xəbər verir ki, bu, təxminən 3 min israilli universitet tələbəsi arasında aparılan sorğudan sonra məlum olub.
Sorğunu aparan tədqiqatçılar “ChatGPT”nin tələbələr arasında ən populyar süni intellekt tətbiqi olduğunu, ondan sonra böyük fərqlə “Dall-E 2” proqramının gəldiyinin aşkar ediblər. Məlum olub ki, tələbələrin 53% faizi süni intellekt proqramlarından istifadə edir, həmçinin onların 66,5 faizi həmin tətbiqlərə həftə ərzində arabir daxil olurlar. Ödənişsiz süni intellekt çatbotu olan “ ChatGPT” 2022-ci ilin sonunda istifadəyə verilib və tez bir zamanda dünyada böyük rezonans yaradıb. Bu proqram populyar “DALL-E AI” incəsənət generatorunun inkişafı sayəsində ən mükəmməl internet şöhrətini qazanmış “OpenAI” tədqiqat laboratoriyası tərəfindən ötən il prototip kimi geniş ictimaiyyətə pulsuz təqdim edilib. Proqramın özü isə sələfi “InstructGPT” çatbotu üzərində qurulub. Onun proqramlaşdırılması olduqca mürəkkəbdir və “ağıllılıq”, səmərəlilik dərəcəsi, habelə düzgün cavablar verməsi səviyyəsi xüsusi sınaq prosesində yoxlanılıb.
Tələbələrin əksəriyyəti akademik məqalələr yazmaq əvəzinə, geniş biliklər əldə etməyə kömək edən süni intellektdən istifadə etdiklərini bildirirlər. Bundan əlavə, layihələr üçün mövzu tapmaq və yazı tapşırıqlarını redaktə etmək üçün də bu proqramlar olduqca faydalıdır.
Məlumatlar göstərir ki, tələbələr süni intellektdən sənədlər tərtib etmək, tapşırıqları həll etmək və vizual məhsullar yaratmaq üçün çox nadir hallarda və daha kiçik həcmlərdə istifadə edirlər. Bundan əlavə, onlardan tərcümə məqsədləri üçün demək olar ki, istifadə etmirlər.
Holon Texnologiya İnstitutunun tədris texnologiyaları fakültəsinin dekanı, professor Gilad Korat deyib: "Süni intellekt inqilabı artıq buradadır. Süni intellekt həyat və iş tərzimizi sürətlə dəyişir və ali təhsil də istisna deyil. Bu proqramların tədris və təlim proseslərinə inteqrasiyası tələbələrin öyrənmə və müəllimlərin öyrətmə üsullarında inqilab yaratmaq potensialına malikdir. Bu mürəkkəb problemin öhdəsindən gəlmək üçün inteqrasiyanın müxtəlif aspektlərini və onların xüsusiyyətlərini nəzərə almaq, hərtərəfli konseptual yanaşma tələb edən reallıqla ayaqlaşmaq lazımdır”.