CƏMİYYƏT
İsraildəki icmamız Ermənistana qarşı ciddi tədbirlər görülməsinə çağırış edib
Bakı, 7 oktyabr, AZƏRTAC
“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası Xocavənd rayonunun Edilli kəndində aşkar olunmuş kütləvi məzarlıqlarla bağlı İsrail və beynəlxalq ictimaiyyətə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, Assosiasiyanın prezidenti Lev Spivakın adından İsrailin dövlət başçısına, parlament üzvlərinə, siyasi partiyaların nümayəndələrinə ünvanlanan müraciətdə Edilli faciəsi Ermənistanın növbəti hərbi cinayətinin ifşası kimi qiymətləndirilib.
Bildirilib ki, aşkar edilmiş qalıqlar Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlılara məxsusdur. Ermənistan tərəfinin indiyədək 4000-dək azərbaycanlının taleyi və kütləvi dəfn yerləri barədə məlumatları təqdim etməkdən boyun qaçırdığına, xalqımıza qarşı törətdiyi müharibə cinayətlərini dünya ictimaiyyətindən gizlətməyə çalışdığına diqqət cəlb edilib.
İsraildə yaşayan Azərbaycan icmasının Edilli cinayətindən dərin hiddət hissi keçirdiyi vurğulanıb.
Qeyd edilib ki, 30 illik işğal dövründə bütün beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlər qəddarcasına qətlə yetirilib, amansız işgəncələrə və təhqirlərə məruz qalıb, Azərbaycan əraziləri minalarla çirkləndirilib, İkinci Qarabağ müharibəsi dövründə cəbhə xəttindən onlarla kilometr uzaqda yerləşən Azərbaycanın Gəncə, Bərdə, Mingəçevir, Goranboy və Tərtər kimi şəhərlərinə raket zərbələri endirilməsi nəticəsində 100-dən çox dinc sakin həlak olub.
Soydaşlarımız İsrail ictimaiyyətini və beynəlxalq birliyi Ermənistanın hərbi cinayətlərinə susmamağa, müxtəlif vaxtlarda etnik zəmində törədilmiş sülh və insanlıq əleyhinə cinayətlərə görə cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması ilə bağlı hüquq müstəvisində təcili tədbirlər görməyə çağırıb.