REGİONLAR
İsrailin Azərbaycandakı səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
Quba, 25 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 25-də İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfirliyin digər əməkdaşları ilə birlikdə Qubaya gələn Dan Stav 1918-ci ildə Qubada cinayətkar erməni hərbi dəstələri tərəfindən törədilmiş soyqırımı qurbanlarının dəfn olunduğu yerdə ucaldılmış abidəni ziyarət edib, erməni-bolşevik birləşmələrinin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb.
Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb. Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Burada quraşdırılmış sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımı aktları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür.
Bildirilib ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Səfiri Dan Stav Qubada rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyevlə də görüşüb. Görüş zamanı səfir rayondakı yəhudi icmasının digər icmalarla mehriban yaşamasından və əməkdaşlığından məmnunluğunu ifadə edib. D.Stav dağ yəhudilərinin yığcam yaşadığı Qırmızı qəsəbədə olub, burada yəhudi icmasının nümayəndələri ilə görüşüb.
Diplomat jurnalistlərə açıqlamasında bildirib ki, şimal bölgəsinə səfər çərçivəsində Quba ilə yanaşı, Qusar rayonunda da olub. Aprelin 26-da isə Xudat şəhərinə getməyi planlaşdırır. O, səfərin əsas məqsədinin ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi, həmçinin iqtisadiyyat, təhsil, informasiya texnologiyaları sahəsində əlaqələrin möhkəmləndirilməsi olduğunu qeyd edib.