REGİONLAR


İsrailin Azərbaycandakı səfiri Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib

Quba, 30 yanvar, Elxan Yusifli, AZƏRTAC 

Yanvarın 30-da İsrailin Azərbaycandakı səfiri Corc Dik Qubaya səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Rayon İcra Hakimiyyətində keçirilən görüşdə qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə olunub. Rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev qonağa Qubanın tarixi, son dövrlərdə keçdiyi inkişaf yolu, burada yaşayan azsaylı xalqlar, rayondakı tolerantlıq mühiti haqqında ətraflı məlumat verib.

Görüşdə İsrail-Azərbaycan münasibətlərinin intensiv inkişaf etdiyi, ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin qurulduğu diqqətə çatdırılıb.

İsrailin Azərbaycandakı səfiri Corc Dik Quba Soyqırımı Memorial Kompleksini ziyarət zamanı ermənilərin törətdikləri soyqırımı haqqında ətraflı məlumatlandırılıb. Bildirilib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi 2013-cü il sentyabrın 18-də açılıb.

Qonaqların diqqətinə çatdırılıb ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

Daha sonra səfir Qubada fəaliyyət göstərən bir sıra emal müəssisələri, həmçinin Quba “ASAN həyat” Kompleksi ilə yaxından tanış olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.