SİYASƏT
İsrailin “Kanal-24” beynəlxalq xəbər telekanalında Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri haqda süjet göstərilib VİDEO
Bakı, 16 mart, AZƏRTAC
Martın 15-də İsrailin ingilis və fransız dillərində eyni vaxtda yayımlanan “Kanal-24” beynəlxalq xəbər telekanalında Azərbaycanda multikulturalizm və tolerantlıq ənənələri haqda süjet göstərilib.
İsrailin və dünyanın xəbər kanallarında qeyd edilir ki, Yaxın Şərq regionundakı insanların əksəriyyətinin fikrincə, yəhudilərlə müsəlmanların dinc yanaşı yaşaması ağlasığmaz fantaziyadan başqa bir şey deyil. Lakin bugünkü amansız dünyada yəhudilərlə müsəlmanların qlobal miqyasda dinc yanaşı yaşamasının rəmzi və həqiqi nümunəsi olan kiçik bir məkan da var. Bu, Azərbaycan Respublikasındakı Qırmızı Qəsəbədir.
Bu yaxınlarda həmin qəsəbədə səfərdə olmuş israilli məşhur telejurnalist Lüsi Axariş yəhudilərlə müsəlmanların dostluq nümunəsi olan bu qəsəbə barədə təəssüratlarını bölüşüb: “Səfərimiz soyuq bir qış günündə, Azərbaycanın yəhudilər yaşayan qəsəbəsində səhər duasından başlandı. Azərbaycan Dağ Yəhudiləri İcması ölkənin şimal paytaxtı sayılan Qubada yığcam şəkildə yaşayır”.
Qırmızı Qəsəbə dağ yəhudiləri icmasının keçmiş rəhbəri Boris Simanduyev İsrailin “Kanal 24” beynəlxalq telekanalına verdiyi müsahibədə deyib: “Bu gün burada gördüklərimiz Azərbaycanın bütün dini konfessiyalarının – müsəlmanların, xristianların və yəhudilərin sıx əməkdaşlığının nəticəsidir. Bu gün biz müxtəlif dinlərə mənsub olan insanların bir-birinə sevgi və hörmətlə yanaşmasının nümunəsiyik”.
Lüsi Axarişin fikrincə, Qırmızı Qəsəbə bütün postsovet məkanında dağ yəhudilərinin yığcam şəkildə yaşadığı yeganə yerdir. Burada heç vaxt antisemitizm olmayıb. Azərbaycanlılar və yəhudilər əsrlər boyu sülh şəraitində yaşayır və bir-birinə böyük hörmət bəsləyir, sevinclərini və kədərlərini bölüşürlər”.
Quba Rayon İcra Hakimiyyətinin Qırmızı Qəsəbə üzrə nümayəndəsi David İsakov deyib: “Qırmızı Qəsəbədən köçüb gedən insanların çoxu buraya qayıdır. İnanırıq ki, yəhudi qəsəbəsi bundan sonra da Azərbaycanda tolerantlıq və multikulturalizm nümunəsi olacaq. Biz İsraili çox sevirik. İsrail bizim tarixi vətənimiz, Azərbaycan isə evimizdir”.
Lüsi Axariş səmimi tərzdə qeyd edir: “İki kənd, bir çay və iki din – bu, müasir Azərbaycanın həqiqi və möhtəşəm gözəlliyidir. Əsl multikulturalizm və dinc yanaşı yaşayış nümunəsi olan bu qəsəbə ekstremizm və radikal fundamentalizm halları müşahidə edilən dünya üçün müsbət nümunədir. Burada, Azərbaycanda gördüklərimiz müxtəlif dinlərə etiqad bəsləyən insanların dinc-yanaşı yaşamasının, bir-birinə hörmət bəsləməsinin real nümunəsi və sübutudur”.
Süjetdə qeyd edilir ki, Azərbaycan dinin dövlətdən ayrıldığı dünyəvi müsəlman dövləti nümunəsidir. Sünnilərlə şiələr arasında münaqişə və ziddiyyətlər yaranan başqa müsəlman ölkələri ilə müqayisədə Azərbaycanda islam sabitlik və qarşılıqlı hörmət amilidir.
Quba rayonundakı Ərdəbil məscidinin imamı Şeyx Həmdulla deyib: “Hər müsəlman bilməlidir ki, o, başqaları üçün nümunədir. Hər bir müsəlmanın davranışı onun böyüdüyü ailədə və cəmiyyətdə aldığı tərbiyənin nəticəsidir”.
İsrailli məşhur jurnalist və teleaparıcı Lüsi Axariş süjetin sonunda qeyd edir ki, həftəsonu istirahət günlərini Azərbaycanda keçirməklə bir daha yəqin edib ki, məhz bu gözəl qonaqpərvər ölkədə yəhudilər və müsəlmanlar sülh şəraitində necə yaşamağı və bir birinə necə hörmət etməyi bütün dünyaya öyrətməlidirlər.
Verilişin ingilis variantına aşağıdakı link vasitəsilə baxa bilərsiniz: http://www.i24news.tv/en/tv/replay/i24newsen/4107874667001.