CƏMİYYƏT


İsrailin Şiba Tibb Mərkəzinin həkimləri Milli Məclisdə olublar

Bakı, 12 may, AZƏRTAC

Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev İsrail Dövlətinin Şiba Tibb Mərkəzinin Qlobal şöbəsinin müdiri Yoel Har-Even və Mərkəzin həkimi Boris Orkin ilə görüşüb.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri qonaqları Milli Məclisdə salamlamaqdan məmnunluğunu ifadə edib. O, Şiba Tibb Mərkəzinin dünyada tanınan və tibb sahəsində böyük nailiyyətlər əldə edən bir mərkəz olduğunu deyib, bu mərkəzlə əməkdaşlığı müsbət dəyərləndirib. Musa Quliyev Azərbaycanla İsrailin dost dövlətlər olduğunu, iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini söyləyib. O, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı İsrailin dəstəyini yüksək dəyərləndirib. Qeyd olunub ki, ölkələrimiz arasında əlaqələr dərin tarixi köklərə əsaslanır. Yəhudi xalqının nümayəndələri Azərbaycanda uzun illərdir mehriban dostluq şəraitində yaşayır və ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.

Musa Quliyev parlamentlər səviyyəsində əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Milli Məclisdə İsraillə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bildirilib ki, parlamentlər, diasporlar səviyyəsində, habelə ictimaiyyət nümayəndələri arasında münasibətləri daha da inkişaf etdirmək, dostluq əlaqələrimizi daha da möhkəmləndirmək üçün geniş imkanlar mövcuddur.

İsrail Dövlətinin Şiba Tibb Mərkəzinin Qlobal şöbəsinin müdiri Yoel Har-Even səmimi görüşə görə təşəkkürünü bildirib. Ölkələrimiz və xalqlarımız arasında olan dostluq münasibətlərinin məmnunluq doğurduğunu qeyd edən şöbə müdiri İsrailin hər zaman Azərbaycanın yanında olduğunu diqqətə çatdırıb.

Qonaq, həmçinin təmsil etdiyi Şiba Tibb Mərkəzinin fəaliyyəti barədə ətraflı məlumat verib. O, Mərkəzin səhiyyə sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu deyib.

Sonra Şiba Tibb Mərkəzinin həkimi Boris Orkin çıxış edərək tibb sahəsində təcrübə və informasiya mübadiləsi baxımından əməkdaşlığın genişləndirilməsinin vacibliyini bildirib. Səhiyyə sistemində yeni texnologiyaların tətbiqinin əhəmiyyətindən danışıb. Mərkəzin yeni layihələrindən bəhs edən qonaq bu layihələrin tətbiqi üçün Azərbaycanda yaxşı imkanların olduğunu söyləyib.

Görüşdə iştirak edən Milli Məclisin Səhiyyə komitəsinin üzvü Anatoliy Rafailov iki ölkə arasında qarşılıqlı faydalı münasibətlərin inkişaf etdiyini söyləyib. Azərbaycanda yaşayan yəhudi icmasının ölkələr arasında ikitərəfli əlaqələrin möhkəmlənməsində xüsusi rolunu qeyd edib. O, ölkəmizdə yəhudilərə olan dost münasibətindən danışıb. Yəhudi xalqının nümayəndələrinin ölkə həyatının bütün sahələrində təmsil olunduğunu deyib.

Deputat səhiyyə sahəsində əməkdaşlığın vacibliyini bildirərək, bir sıra qeyd və təkliflərini diqqətə çatdırıb. O, tibb sahəsində mütəxəssislərin hazırlanmasının, habelə bu istiqamətdə elmi araşdırmalarla bağlı təcrübə və informasiya mübadiləsinin əhəmiyyətli olduğunu söyləyib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.