DÜNYA
İsrailin sabiq naziri 11 il müddətinə azadlıqdan məhrum edilib
Bakı, 9 yanvar, AZƏRTAC
İsrailin keçmiş energetika naziri və Knessetin deputatı Qonen Seqev İranın lehinə casusluq etdiyinə görə 11 il müddətinə azadlıqdan məhrum edilib.
AZƏRTAC İsrail KİV-lərinə istinadla xəbər verir ki, Seqevin vəkilləri məhkəmə ilə razılaşma əldə ediblər. Razılaşma çərçivəsində sabiq nazir özünün İsrail əleyhinə cinayətlərdə və bu dövlətə düşmən olan ölkələrin agentləri ilə əlaqələrdə təqsirini etiraf edib. Məhkəmə onun 11 il müddətinə azadlıqdan məhrum edilməsi barədə qətnamə çıxarıb.
Ötən ilin iyununda sabiq nazirə qarşı İsrail haqqında məxfi məlumatların İranın xüsusi xidmət orqanlarına ötürülməsi ilə bağlı ittiham irəli sürülmüşdü. Əks-kəşfiyyatçılar bildiriblər ki, son vaxtlar Nigeriyada yaşayan Seqev 2012-ci ildən İran kəşfiyyatı ilə əməkdaşlıq edib və öz köhnə əlaqələrindən istifadə edərək əldə etdiyi müxtəlif məxfi məlumatları iranlılara ötürüb. Istintaq müəyyən edib ki, sabiq nazir altı il ərzində Tehrana bir neçə gizli səfər edib və dünyanın bir çox ölkələrindəki İran əməliyyatçıları ilə görüşlər keçirib.