CƏMİYYƏT
İsrailli alimlər: Britaniya ştammı birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur
Bakı, 21 aprel, AZƏRTAC
Təl-Əviv Universitetində aparılan yeni tədqiqatın nəticələri göstərib ki, Britaniya ştammı (B.1.1.7) birinci koronavirusla müqayisədə 45 faiz daha yoluxucudur.
AZƏRTAC xəbər verir ki, tədqiqatın nəticələri “Cell Reports Medicine” jurnalında dərc edilib.
Tədqiqatın müəlliflərindən biri – Təl-Əviv universitetinin Sakler adına Tibb fakültəsinin kliniki mikrobiologiya və immunologiya kafedrasının professoru A.Munits deyib: “Biz üç müxtəlif virus genini testləşdirən dəstdən istifadə edirik. Britaniya variantında, həmçinin B.1.1.7 kimi tanınan bu ştammda bu genlərdən biri – S geni mutasiya nəticəsində pozulub. Buna görə də biz hətta genetik ardıcıllıq olmadan variantın yayılmasını izləməyi bacardıq”.
Professor A.Munitsin sözlərinə görə, laboratoriya məlumatları Britaniya variantının çox sürətlə yayılmasını göstərir: 2020-ci il dekabrın 24-də müsbət nəticələrin yalnız 5 faizi Britaniya variantına aid edilib. Cəmi 6 həftədən sonra – 2021-ci ilin yanvarında bu variant İsraildə COVID-19 yoluxmalarının 90 faizinə səbəb olub. Cari göstərici təxminən 99,5 faiz təşkil edir.
A.Munits deyib: “Bu kəskin artımı izah etmək üçün biz SARS-CoV-2 virusunun R-ədədini Britaniya variantının R-ədədi ilə müqayisə etdik. Başqa sözlə desək, hər hansı varianta sahib hər bir insandan orta hesabla neçə nəfər yoluxa bilər sualına cavab axtardıq. Məlum oldu ki, Britaniya variantı 45 faiz – təxminən 1,5 dəfə daha yoluxucudur”.