ELM VƏ TƏHSİL


İsrailli ekspert Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb

Bakı, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) multikulturalizm elmi-tədqiqat laboratoriyasında beynəlxalq münasibətlər üzrə ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, “Azərbaycan-İsrail” Beynəlxalq Assosiasiyasının həmsədri Arye Qut beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin israilşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüşüb.

Görüşdə A.Qut “İsrail və Azərbaycan münasibətlərində multikulturalizm amili” mövzusunda məruzə ilə çıxış edib.

A.Qut çıxışında İsraildə yetmiş minədək Azərbaycan kökənli yəhudinin yaşaması və “Aziz” Azərbaycan-İsrail diaspor təşkilatının fəaliyyəti barədə danışıb. Azərbaycan ilə İsrail arasında əlaqələrin perspektivlərini müsbət dəyərləndirən ekspert deyib ki, İsrail-Azərbaycan münasibətləri strateji tərəfdaşlıq xarakteri daşıyır. Ölkələrimizin iqtisadi, siyasi və hətta geosiyasi əlaqələrinin olduğunu söyləyən A.Qut iki ölkə arasında hərbi-texniki tərəfdaşlığın da dinamik inkişaf etdiyini deyib. Ekspert Azərbaycan və İsraili bu əlaqələrdən daha çox insani əlaqələrin bağladığını xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu əlaqələrin inkişafı nəticəsində İsrail ilə Azərbaycan yaxın dosta çevrilib.

A.Qut, həmçinin İsrailin Akko şəhərində yerli hökumətinin hesabına Azərbaycan Evinin tikilməsi ideyasının yaranmasından və bu prosesdən söz açıb.

Azərbaycanı güclü müstəqil dövlət, Cənubi Qafqazda geosiyasi və geoiqtisadi proseslərin lideri kimi dəyərləndirən A.Qut tolerantlıq və multikulturalizmin Azərbaycan cəmiyyətinin mühüm əsasları olduğunu qeyd edib. Ekspert çıxışında vurğulayıb ki, bir sıra xalqlardan fərqli olaraq, azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbilər kimi baxmayıb, bu ölkədə yəhudi xalqı heç vaxt təqiblərə və təhqirlərə məruz qalmayıb. O, həmçinin Azərbaycanda yeddi sinaqoq və iki yəhudi məktəbinin fəaliyyət göstərdiyini deyib.

Səkkiz ilə yaxın müddətdə Azərbaycanı İsraildə və dünyada tanıtmaqla məşğul olan A.Qut bu fəaliyyətlə bağlı antiazərbaycan qrupları tərəfindən təzyiqlərlə qarşılaşdığını söyləyib. Ekspert Xocalı və Qarabağda baş verən hadisələrlə əlaqədar təbliğat xarakterli məruzələrindən və digər fəaliyyətindən söz açıb. O, Azərbaycan Dövlət Televiziyasında 40 il rejissor və ssenarist işləmiş atası ilə bərabər yazdığı və İsraildə çap olunan, Xocalı qətliamı ilə bağlı bədii-sənədli romanın Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında mühüm rol oynadığını bildirib, əsərin süjet xətti ilə iştirakçıları tanış edib.

Sonda israilli ekspert tələbələrin suallarını cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.