CƏMİYYƏT
İsrailli jurnalist ADA Universitetində təşkil edilən tədbiri “əsl canlı dialoq” adlandırıb
Bakı, 28 iyun, AZƏRTAC
İsraildə yayımlanan İTON.TV-nin “Günün mövzusu” proqramında Diasporla İş üzrə Dövlət Komitəsinin və ADA Universitetinin birgə təşkil etdiyi “Cənubi Qafqazda postmünaqişə dövründə inkişaf” mövzusunda keçirilmiş dəyirmi masa-dinləmələrdən bəhs edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, aparıcı Aleksandr Qur-Aryenin qonağı həmin tədbirdə iştirak edən israilli jurnalist Mixail Qorin olub.
M.Qorin bildirib ki, bölgənin təhlükəsizliyinin və iqtisadi rifahının təmin olunması siyasəti yürüdən Azərbaycanın ədalətli mövqeyinin dünyada dərk edilməsi məqsədilə keçirilən dəyirmi masa-dinləmələrin formatı fərqli təşkil edilib. Bu, ABŞ, Almaniya, Böyük Britaniya, Braziliya, Fransa, İsrail, İtaliya, Türkiyə, Gürcüstan, Yunanıstandan dəvət olunmuş xarici ekspert və media mənsublarında böyük maraq doğurub. “Bu, əsl konkret, canlı dialoq idi. Hansısa mühazirəçinin 20 dəqiqə çıxış edib mücərrəd, elmi fikirlər söyləməsinə bənzəmirdi. Hər bir çıxışçı 5, maksimum 7 dəqiqə danışırdı. Mövzu ilə bağlı düşündüklərini, təkliflərini söyləyir, Qarabağda gördüklərinin təəssüratını bölüşürdü”.
Tədbirdən öncə Ağdama səfər etdiklərini xatırladan jurnalist “ruhlar şəhəri”ndə gördüklərindən çox məyus olduqlarını bildirib: “Ağdamda salamat qalmış bir bina yoxdur. Bir vaxtlar çiçəklənən rayonun dirçəlişi bütün ərazi minalardan təmizlənməyincə mümkün deyil”.
Aparıcı Aleksandr Qur-Arye əlavə edib ki, Azərbaycan hazırda mina sahələrinin sayına görə dünyada birinci yeri tutur: “Dünyanın heç bir yerində bu qədər mina sahəsi yoxdur”.