CƏMİYYƏT


İsrailli təlimatçı: Hər bir qadın özünü müdafiə etməyi bacarmalıdır

Bakı, 6 dekabr, AZƏRTAC

Qadınlara qarşı zorakılıq beynəlxalq problemdir. Bu cür hallar kasıb və varlı ailələrdə, bütün irqlər və milliyyətlərdə, hər şəhərdə, dünyanın hər hansı nöqtəsində baş verir. Gündəlik həyatımızda qadınlara qarşı zorakılığın müxtəlif formalarının geniş yayılması müşahidə olunur. Özünümüdafiə vərdişlərinə malik olmayan qadınlar asanlıqla qurbana çevrilir və zorakılığın ən qəddar təzahürlərinə məruz qalırlar. Hesab edirəm ki, hər bir qız və qadın özünümüdafiə vərdişlərinə yiyələnməli və idmanla müntəzəm məşğul olmalıdır. Bu, idmanın hər hansı növü ola bilər. “Krav-maqa” unikal əlbəyaxa döyüş sistemi qadınlara istənilən vəziyyətdə özünü inamlı və təhlükəsiz hiss etməyə imkan verir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında qadınlar üçün özünümüdafiə kursları aparan İsrailin “Krav-maqa” Federasiyasının təlimatçısı Lilah Şiff söyləyib.

“Krav-maqa” sistemi haqqında məlumat verən L.Şiff deyib ki, bu sözlərin hərfi tərcüməsi “əlbəyaxa döyüş” deməkdir. İsraildə meydana gələn hərbi əlbəyaxa döyüş sisteminin əsas məqsədi həyat üçün yaranan təhlükəni cəldliklə aradan qaldırmaqdır. Bu sistem İsrailin müxtəlif güc strukturlarında da istifadə olunduqdan sonra daha da populyar olub. “Krav-maqa” məsafədən silah tətbiq etməklə döyüşdən fərqli olaraq, rəqiblə fiziki təmas yolu ilə mübarizə deməkdir. Təlimatçı əlavə edib: “Lakin özünümüdafiə sistemləri ilə yanaşı, “Krav-maqa”da silah növləri və digər əşyalardan istifadə də istisna edilmir. Bu, hətta sizi hücum məqamında qoruyacaq adi qələm də ola bilər. Hər kəs özünü müdafiə etməyi və “yox” deməyi bacarmalıdır. Zənnimcə, hər bir qadın başa düşməlidir ki, ona edilən hər hansı xoşagəlməz təklifdən imtina edə bilmək onun hüququdur”.

Müsahibənin sonunda israilli təlimatçı ustad dərsinin təşkilinə və Bakıda səmimi qarşılandığına görə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.