CƏMİYYƏT


“İşsizin DOSTu” proqramı üzrə ictimai işlərə cəlb olunanlarla əmək müqaviləsi bağlanacaq

Bakı, 14 yanvar, AZƏRTAC

Prezident İlham Əliyevin təşəbbüsü əsasında hazırlanmış “İşsizin DOSTu” proqramının icrasına hazırlıq işləri artıq başa çatmaq üzrədir. Proqram Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən icra olunacaq. Bununla əlaqədar mərkəzin rayon filiallarının qurulması işləri də yekunlaşmaq üzrədir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, haqqı ödənilən ictimai işlərin təşkilinin sistemli və şəffaf şəkildə həyata keçirilməsi və genişləndirilməsi məqsədinə xidmət edən “İşsizin DOSTu” proqramı bu il ərzində 30 minədək şəxsin ödənişli ictimai işlərə cəlb edilməsinə imkan verəcək. Onlar nazirliyin rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olan şəxslərdən ibarət olacaq.

Ödənişli ictimai işlərə cəlb edilərkən həmin şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanacaq və bu, onların sosial sığorta sistemi ilə əhatə olunmasına, nəticədə gələcək pensiya hüquqlarının yaranmasına və ya mövcud olan fərdi hesablarında pensiya kapitalının artımına imkan verəcək.

Proqramın iştirakçılarının yerinə yetirəcəkləri ictimai işlərin (sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) həcminə, əmək funksiyalarına uyğun olaraq əməkhaqları müəyyən olunacaq. Digər tərəfdən, proqram bu il əlavə 30 minədək əmək müqaviləsi bağlanmasına şərait yaradacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.