CƏMİYYƏT
“İşsizin DOSTu” proqramına 23 mindən çox işsiz cəlb edilib
Bakı, 6 fevral, AZƏRTAC
Fevralın ilk günlərində rayon (şəhər) Məşğulluq mərkəzlərində işaxtaran və ya işsiz kimi qeydiyyatda olanlardan 7 min nəfərdən çoxu “İşsizin DOSTu” proqramı çərçivəsində ödənişli ictimai işlərlə təmin edilib.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yeni işə cəlb edilənlərlə əmək müqaviləsi bağlanılıb.
Bundan sonra onlar ictimai faydalı xarakter daşıyan işlərin (abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s.) yerinə yetirilməsinə başlayıblar.
“İşsizin DOSTu” proqramı Prezident İlham Əliyevin təşəbbüsünə əsasən və haqqı ödənilən ictimai işlərin təşkili işlərinin sistemli və şəffaf şəkildə qurulması və genişləndirilməsi məqsədilə hazırlanaraq icra olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyinin) “DOST İş Mərkəzi” tərəfindən cari ilin əvvəlindən icra olunan proqram çərçivəsində 30 min nəfərin ödənişli ictimai işlərə cəlb edilməsi nəzərdə tutulub.
İndiyədək 23 min nəfərdən çox işsiz ödənişli ictimai işlə təmin olunub.