ELM VƏ TƏHSİL


İstanbul Universitetində “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfrans keçirilib

İstanbul, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Türkiyənin İstanbul Universitetinin İqtisadiyyat fakültəsində ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə “Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı” mövzusunda konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın İstanbuldakı baş konsulluğu və Türkiyənin İstanbul Universitetinin birgə təşkilatçılığı ilə keçirilən konfrans hər iki ölkənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb. Ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

İqtisadiyyat fakültəsinin dekan müavini Nurtac Yıldırım Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə bağlı konfransın ölkənin ən qədim təhsil ocaqlarından biri olan İstanbul Universitetində keçirilməsindən məmnunluq duyduqlarını bildirib.

Tədbirdə ulu öndər Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən ölkə iqtisadiyyatının gücləndirilməsi istiqamətində yürütdüyü doğru siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bunun müsbət nəticələrindən danışılıb. Hazırda Azərbaycanda uğurla aparılan iqtisadi islahatlar və xarici investorlar üçün yaradılan şərait, eləcə də ölkəmizin beynəlxalq iqtisadi meyarlara görə qabaqcıl mövqelərdə qərarlaşması da konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Həmçinin iki qardaş ölkə arasında birgə həyata keçirilən enerji və nəqliyyat layihələrinin əhəmiyyəti vurğulanıb.

Bölgəmizdə sülh və sabitliyə təhdid olan Ermənistanın ölkəmizə qarşı həyata keçirdiyi işğalçı siyasəti və ermənilər tərəfindən işğal edilmiş ərazilərimizdə qondarma rejimin qeyri-qanuni iqtisadi fəaliyyəti barədə məlumat verilib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.