İstanbul hava limanı Avropada sərnişinlərə ən çox xidmət edən aeroport olub
AzerTAg.az
İstanbul, 27 noyabr, AZƏRTAC
Avropa Hava Naviqasiya Təhlükəsizliyi Təşkilatının (EUROCONTROL) məlumatına əsasən noyabrın 18-26-da İstanbul hava limanı Avropada ən çox səfər həyata keçirən aeroport olub.
AZƏRTAC xəbər verir ki, bu müddət ərzində İstanbul hava limanında gündəlik 500-ə yaxın uçuş edilib. Aeroport bu səfərlərlə “Schiphol”, “Frankfurt”, “Charles de Gaulle” və “Barajas” kimi Avropanın əhəmiyyətli hava limanlarını geridə qoyub.
İstanbulun yeni aeroportundan noyabrın 25-də 505, 26-da 494 səfər edilib. Bu günün sonunadək aeroportdan 590 uçuşun edilməsi planlaşdırılır. Bu da Türkiyə ərazisində pandemiya ilə əlaqədar səfərlərin müvəqqəti dayandırıldığı iyunun 1-dən indiyədək ən yüksək rəqəmdir.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin mətnində orfoqrafik səhv var