İstanbul hava limanında koronavirusa qarşı qabaqlayıcı tədbirlər görülür
AzerTAg.az
İstanbul, 21 yanvar, AZƏRTAC
Bütün dünyanı təşvişə salan, Çində yayılan koronavirusun indiyədək aşkar edilməmiş növünün (2019-nCoV) Türkiyəyə daxil olmasının qarşısını almaq məqsədilə İstanbul hava limanında qabaqlayıcı tədbirlər görülür.
AZƏRTAC xəbər verir ki, dünyanın ən böyük aeroportlarından olan və ən çox sərnişin qəbul edən İstanbulun yeni hava limanında bəzi təyyarələrdə virus yoxlaması aparılıb. Çindən Türkiyəyə sərnişin daşıyan və bu aviaşirkətlərə xidmət göstərən qurumlara xəbərdarlıq edilib. Bu şirkətlərlə toplantılar keçirilib, virusun ilkin simptomları və qabaqlayıcı tədbirlər barədə məlumat verilib.
Xatırladaq ki, indiyədək Çində 300-ə yaxın yoluxma faktı qeydə alınıb, 4 nəfər həyatını itirib.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Xəbərin mətnində orfoqrafik səhv var