SİYASƏT
İstanbul valisi: Heydər Əliyevin şəxsiyyətinə ehtiram mənəvi borcumuzdur
İstanbul, 13 dekabr, AZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev şəhər valisi Ali Yerlikaya ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, İstanbul valiliyində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf dinamikasından bəhs olunub.
Ali Yerlikayanı yeni təyinatı münasibətilə təbrik edən baş konsul əminliklə bildirib ki, dünyanın bütün xalqları, o cümlədən azərbaycanlılar tərəfindən böyük məhəbbətlə sevilən İstanbul bundan sonra da onun rəhbərliyi ilə sürətlə inkişaf edəcək.
Ümummilli lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar hissini səmimi ifadələrlə bölüşən vali Ali Yerlikaya Ulu Öndərimizin vəfatını Azərbaycan və Türkiyə üçün böyük itki kimi dəyərləndirərək vurğulayıb ki, Heydər Əliyevin şəxsiyyətinə ehtiram mənəvi borcumuzdur. Vali Ulu Öndərin “Bir millət, iki dövlət” ifadəsinin nəsillərə örnək olduğunu bildirib.
Baş konsul Azərbaycan Mərkəzi Bankı tərəfindən ümummilli lider Heydər Əliyevin xatirəsinə buraxılan sikkəni valiyə hədiyyə edib.
Xatırladaq ki, Ali Yerlikaya cari il oktyabrın 26-da İstanbul valisi təyin olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul