SİYASƏT


İstanbulda 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib

İstanbul, 27 sentyabr, AZƏRTAC

İstanbulda 27 Sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, İstanbulun Sarıyer rayonunda yerləşən Heydər Əliyev Parkında keçirilən tədbir ölkəmizin İstanbuldakı Baş konsulluğu tərəfindən təşkil olunub.

Çıxış edən baş konsul Nərminə Mustafayeva Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində əldə etdiyi tarixi Zəfərindən danışıb.

Bildirilib ki, tarixə 44 günlük Vətən müharibəsi adı ilə yazılan İkinci Qarabağ savaşı zamanı canlarından keçən şəhidlərimizin xatirəsi hər birimizin qəlbində əbədi yaşayacaq.

Vətən müharibəsinin bizim şanlı tariximizin ən parlaq səhifələrindən biri olduğunu qeyd edən baş konsul bu Zəfərə görə başda Prezident, Ali Baş Komandan İlham Əliyev olmaqla, şanlı Ordumuz və Azərbaycan-Türkiyə xalqlarının qardaşlığına borclu olduğumuzu deyib.

Qeyd edilib ki, müharibə dövründə bütün Türkiyə xalqı Azərbaycana inanılmaz dəstək nümayiş etdirdi. Bu da bizə əlavə güc verdi. Savaş dövründə iki ölkə arasındakı həmrəylik bütün dünyaya nümunə oldu.

Tədbir iştirakçıları Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin parkda yerləşən abidəsi önünə əklil qoyub, tər güllər düzüblər.

Sonra Vətən müharibəsi şəhidlərinin xatirəsinə ithafən bəyaz şarlar səmaya buraxılıb.

Tədbirdə Türkiyə Xarici İşlər Nazirliyinin dairə rəhbəri Zeynep Kaleli, Sarıyer Bələdiyyə başçısının müavini Hüseyin Coşkun, İstanbulda akkreditə olunan diplomatik korpusun nümayəndələri, ölkəmizin Türkiyədə fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları, QHT-lərin və yerli dövlət qurumlarının rəsmiləri, eləcə də İstanbulda yaşayan həmvətənlərimiz və yerli əhali iştirak ediblər.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.