CƏMİYYƏT


İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib

İstanbul, 19 oktyabr, AZƏRTAC

İstanbulda 18 oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə tədbir keçirilib. Mərasim Türkiyə-Azərbaycan Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin oxunması ilə başlayıb.

İSTAD-ın rəhbəri Səfər Qaraqoyunlu tədbirdə çıxış edərək Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixindən danışıb. Azərbaycanın müstəqilliyini ilk olaraq Türkiyə Cümhuriyyətinin tanıdığını vurğulayan S.Qaraqoyunlu iki ölkənin dostluq və qardaşlıq münasibətlərindən bəhs edib. Qeyd olunub ki, əsrlər boyu davam edən bu dostluq və qardaşlıq əlaqələri gələcəkdə də uğurla davam etdiriləcək.

Müasir müstəqil Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan danışan S.Qaraqoyunlu Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk illərin ölkə tarixinin olduqca mürəkkəb və çətin dövrü olduğunu bildirib.

Tədbirdə çıxış edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım ermənilərin əsrlərboyu azərbaycanlılara qarşı yürütdüyü işğalçı siyasətindən danişıb. O, Azərbaycan xalqının ulu öndəri Heydər Əliyevin ölkənin müstəqilliyini əzmlə qoruduğunu və dövlətin inkışafında əvəzsiz xidmətlərini xatırladıb. Şamil Ayrım bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirdiyini bildirib.

Tədbirdə çıxış edən İSTAD-in baş katibi Mətin Yıldırım, Türkiyənin Yıldız Texnik Universitetinin professoru Adil Allahverdiyev və digərləri Dövlət Müstəqilliyi Günü münasibətilə öz təbriklərini çatdırıblar. Çıxışçılar dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən danışıblar. Qeyd edilib ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaqdan və parçalanmaqdan xilas olan Azərbaycan məhz Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində durmadan inkişaf etməklə daha da güclənib, beynəlxalq birliyin layiqli üzvünə, regionun qüdrətli lider dövlətinə çevrilib.

Tədbirdə Azərbaycanın milli mədəniyyətini özündə əks etdirən videoçarx nümayiş olunub.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.