SİYASƏT
İstanbulda Azərbaycanın Dövlət Müstəqilliyi Gününə və Türkiyənin Cümhuriyyət bayramına həsr olunan gecə keçirilib
İstanbul, 23 oktyabr, АZƏRTAC
Azərbaycanın İstanbuldakı baş konsulluğu və İstanbulun Maltəpə rayon bələdiyyəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə və Türkiyənin Cümhuriyyət bayramına həsr edilən gecə keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhərin “Beşçeşmələr” meydanında təşkil olunan mərasimdə rəsmi şəxslər, diplomatlar, ictimaiyyətin nümayəndələri, şəhərdə yaşayan, təhsil alan azərbaycanlılar iştirak ediblər.
Maltəpə rayon bələdiyyəsinin sədr müavini Melih Morsünbül ötən illərdə ölkələrimizin əldə etdiyi nailiyyətlərdən danışıb. O deyib ki, xalqlarımızın bir-birini böyük məhəbbətlə sevməsi və ölkələrimizin müstəqilliyindən qürur duyması hamımızı sevindirir.
Sonra Azərbaycanın İstanbuldakı baş konsulluğunun dövlət müstəqilliyimizin bərpası ilə bağlı yazılı açıqlaması oxunub. Açıqlamada deyilir ki, 26 il əvvəl Azərbaycan Respublikasının Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib. Dövlət müstəqilliyinin qorunması və möhkəmlənməsi prosesinə isə iki il sonra, ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıdandan sonra başlanılıb. Ulu Öndərin müstəqilliyimizin qorunub saxlanması və möhkəmləndirilməsi istiqamətində yorulmaz səyləri bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan siyasi, iqtisadi, hərbi sahələrdə böyük tərəqqi əldə edib.
Bədii hissə ilə davam edən gecədə İstanbulda yaşayan sənətçilərimizin maraqlı ifaları olub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul